21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Nüfuzlu tədbirlərin Şuşada keçirilməsi ölkəmizin artan beynəlxalq statusundan xəbər verir

Nüfuzlu tədbirlərin Şuşada keçirilməsi ölkəmizin artan beynəlxalq statusundan xəbər verir

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində 2023-cü ilin oktyabrın 10-da Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib. İclasda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin, İran xarici işlər nazirinin müavini Mehdi Səfəri və təşkilata üzv olan digər dövlətlərin xarici siyasət idarələrinin rəhbərləri və təmsilçiləri iştirak edib. Bundan başqa, Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu müşahidəçi qismində tədbirdə iştirak edib. İclasda 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatı kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və onun nəticələri qiymətləndirilib, təşkilatın gündəliyində duran cari məsələlər müzakirə olunub.

İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur. Azərbaycan 1992-ci ildən təşkilatın üzvüdür. Azərbaycan Prezidenti cənab İlham Əliyevin toplantı iştirakçılarına müraciətində deyilir ki, Azərbaycan təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir.  Cənab Prezident Orta dəhliz barədə danışarkən deyib ki, Azərbaycan Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. “Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunub. Eyni zamanda, Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır”, deyə cənab Prezident qeyd edib. İclasın yekunu olaraq regional əməkdaşlığın gələcək addımlarını müəyyən edən bəyanat qəbul olunub, habelə Azərbaycanda təsis olunmasına qərar verilən İƏT-in Təmiz Enerji Mərkəzinin Nizamnaməsi Türkiyə tərəfindən imzalanıb.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Azərbaycan əməkdaşlığa açıq ölkədir

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan İqtisadi Əməkdaşlıq Təşkilatı 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısıdır. 1992-ci il noyabrın 28-də daha 7 ölkənin – Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın da daxil olması ilə İƏT üzvlərinin sayı 10-a çatdı. Təşkilatın genişlənməsini rəsmiləşdirən həmin gün qurumun təqvimində “İqtisadi Əməkdaşlıq Təşkilatı günü” kimi qeyd olunur. İqtisadi Əməkdaşlıq Təşkilatının kənd təsərrüfatı sahəsi; sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir. 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İqtisadi Əməkdaşlıq Təşkilatı BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransında müşahidəçi statusu alıb.

Azərbaycan öz növbəsində hər zaman İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinə böyük önəm vermişdir. Təşkilatın uğurlu fəaliyyəti, əlbəttə ki, bütün üzv ölkələrin marağındadır. Çünki üzv dövlətləri həm ortaq tarix, həm də iqtisadi və siyasi maraqlar birləşdirir. Dövlətimiz İqtisadi Əməkdaşlıq Təşkilatı üzvü olaraq bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış etmişdir. Ölkəmiz 2006 və 2012-ci illərdə İqtisadi Əməkdaşlıq Təşkilatı Zirvə Toplantılarına ev sahibliyi etmiş, 16 oktyabr 2012-ci ildə Bakı bəyannaməsi qəbul edilib. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində isə 2023-cü ilin oktyabrın 10-da Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər 2020-ci ilə qədər mövcud olan Azərbaycan-Ermənistan Qarabağ münaqişəsinə konkret münasibət bildirmiş, beynəlxalq normalara qarşı çıxaraq Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistana tənqidi yanaşmış və ölkəmizin maraqlarını haqlı olaraq müdafiə etmişlər. Bu, həm də Bakının uğurlu xarici siyasətinin bariz nümunəsidir ki, bunun nəticəsində Vətən müharibəsindən sonra İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda “Zəngəzur dəhlizi” termininin qəbuluna nail olmaq və əsas regional oyunçuların diqqətini bu nəqliyyat arteriyasına cəlb etmək mümkün olub. Bu isə Azərbaycan Prezidentinin təklif etdiyi “3+3” əməkdaşlıq formatına digər İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin də qoşula biləcəyi ehtimalını xeyli gücləndirir.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

Rifah və quruculuq dövrü

İşğaldan azad edilmiş ərazilərimizin tez bir zamanda bərpası dövlətimizin müəyyən etdiyi prioritet sahələrdən biridir. Vətən müharibəsinin nəticəsi olaraq, Ermənistanın kapitulyasiya aktı imzalamasından sonra əzəli torpaqlarımızda bərpa işlərinə başlanması, həmçinin ötən müddət ərzində əldə olunan uğurlar, nailiyyətlər dövlətimizin gücünü göstərir. Son illər ərzində Müzəffər Ali Baş Komandan Prezidentimiz, cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, həyata keçirilən çoxşaxəli islahatlar, möhkəm əsaslara malik xalq-iqtidar birliyi, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və Vətən müharibəsindəki misilsiz qələbə Azərbaycan xalqının, onun liderinin, qəhrəman ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi.

İşğaldan azad edilən ərazilərimizdə irimiqyaslı minatəmizləmə işləri ilə yanaşı, əsas infrastruktur layihələri də sürətlə reallaşdırılır, yollar, elektrik, su xətləri, dəmir yolları çəkilir, “ağıllı kənd”, “ağıllı şəhər”lər salınır, Beynəlxalq hava limanları istifadəyə verilməklə Qarabağın və Şərqi Zəngəzurun tezliklə Azərbaycanın çiçəklənən cənnət diyarına çevriləcəyindən xəbər verir.  Böyük Qayıdış planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Beləliklə, ilin sonuna qədər artıq bərpa olunan yaşayış məntəqəsində vətəndaşlar tam məskunlaşacaqlar. İşğaldan azad edilən ərazilərdəki şəhər və qəsəbələrin Baş planları hazırlanaraq təsdiqlənib, hazırda bir çox yerlərdə sürətli inşaat işləri aparılır. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa, yaxud da onları əsaslı şəkildə bərpa edir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda dövlət tərəfindən həyata keçirilən işlər və qarşıdakı müddət ərzində reallaşdırılması nəzərdə tutulan layihələr doğma yurd-yuvalarına qayıdacaq insanların rahatlığına, təhlükəsiz şəraitdə yaşamalarına xidmət edir.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın