Effektiv xarici siyasət
Effektiv xarici siyasət.
Bizim qonşularımızla münasibətlərimiz yaxşı balanslaşdırılıb, dostluğa və qarşılıqlı marağa əsaslanır. Bizim Avropa təsisatları ilə münasibətlərimizin öz müsbət dinamikası var. Mən artıq enerji layihələrini qeyd etdim, Avropa bizdən dəstək istədikdə bizim Avropanı necə dəstəklədiyimizi nəzərdə tuturam. Biz bunu ona görə etdik ki, həmişə bizdən kömək istəyənlərə kömək etməyə çalışırıq”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.
Azərbaycanın müsəlman ölkələri ilə münasibətləri həmrəylik və tərəfdaşlıq nümunəsidir. Azərbaycan hər zaman İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri hesab olunub. Beləliklə, bu beynəlxalq birliyin demək olar ki, bütün üzvlərini əhatə edir. Bizim siyasətimiz həmişə kiməsə dəstək lazım olduqda ona lazımi dəstəyin göstərilməsinə və bütün ölkələrə dost münasibətin nümayiş etdirilməsinə hədəflənmişdir. İndiki zamanda isə – ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra Azərbaycanın beynəlxalq arenada imkanları, əlbəttə ki, qat-qat böyük olacaqdır. Döyüş meydanında öz ərazisini, öz ləyaqətini qorumuş ölkənin beynəlxalq nüfuzu və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirmiş Azərbaycanın nüfuzu, əlbəttə ki, indiki zamanda kəskin şəkildə yüksəlmişdir.
Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən siyasi, sosial-iqtisadi islahatlardan danışaraq deyib: “Əminəm ki, həyata keçirdiyimiz istər siyasi, istərsə də iqtisadi islahatlar artıq uğurlu inkişafa aparmaqdadır. Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə həyata keçirilir. Əminəm ki, Avropa Şurasına üzvlüyümüz siyasi sistemimizin meyarlarını Avropa İttifaqına üzv olan və uzun demokratiya ənənələri tarixi ilə seçilən dövlətlərdə olan meyarlara daha da yaxınlaşdırmaqda bizə çox yardım etdi. Əslində, bu, bizim məqsədimizdir”.
Dövlət başçısı Azərbaycanda qəbul edilən qanunların ölkədə yeni siyasi mühit yaratdığını bildirmişdir. Prezident İlham Əliyev həmçinin ölkədə mətbuat azadlığının və internetə azad çıxışın təmin olunduğunu, internet istifadəçilərinin əhalinin 50 faizini təşkil etdiyini söyləyib. Siyasi və demokratik inkişafın Azərbaycan qarşısında duran ən əsas prioritetlərdən biri olduğunu deyən Prezident İlham Əliyev genişmiqyaslı uğurlu siyasi islahatların aparıldığını xatırladıb. Prezident İlham Əliyev Azərbaycanda əsas azadlıqların tam təmin olunduğunu, bütün millətlərin və dinlərin nümayəndələrinin azad şəraitdə yaşadıqlarını da vurğulayıb.
Sədafər Hüseynov
Saatlı rayon Ağsaqqallar şurasının sədri