22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Quruculuq-abadlıq işləri bütün Qarabağda aparılır

Quruculuq-abadlıq işləri bütün Qarabağda aparılır

Quruculuq-abadlıq işləri bütün Qarabağda aparılır.

Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan  torpaqlarında həyata keçirdiyi cinayətlər və onların miqyası heyrət doğurmaya bilmir. Düşmən xalqımızın mədəniyyətinə, irsinə, respublikamızın təbiətinə qarşı tarixdə görünməmiş vandallıq törədib. Bütün bunlar sivil dünyamızda ermənilərin timsalında barbarlığın şüuruna hakim kəsildiyi bir toplumun hələ də qaldığını göstərir.

44 günlük Vətən müharibəsinin ardından erməni işğalının dəhşətli nəticələri bir daha gün üzünə çıxdı. Belə ki, erməni vandalizmi nəticəsində qədim torpağımız olan Qarabağ darmadağın edilmiş, tarixi abidələrimiz dağıdılmışdır. Bu, bir daha erməni vəhşiliyini sübut edir.

Azərbaycan güclü dövlətdir və düşmənin onilliklər ərzində dövlətimizə, xalqımıza vurduğu maddi yaraların hamısı əlbəttə ki, sağalacaq. Vətən müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri dövlətimizin gücünün təsdiqidir. Qısa müddətdə nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı Prezident cənab İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür. Ali Baş Komandanın rəhbərliyi ilə aparılan yenidənqurma işləri sürətlə davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” 30 ildir doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsinin təmin edilməsi istiqamətində çox mühüm sənəddir. Artıq iki ildir ki, bu istiqamətdə ciddi maliyyə tutumuna malik çox böyük yol kommunikasiya, enerji və infrastruktur layihələri həyata keçirilib və keçirilməkdir. Soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqları anı çox səbirsizliklə gözləyirdilər. Bu proqramın təsdiqlənməsi onlara çox böyük sevinc bəxş etmiş oldu.

İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri hələ Vətən müharibəsinin davam etdiyi günlərdən başlanmışdı. Düşməndən azad edilən Suqovuşana və Talışa gedən yolun çəkilişinə start veriləndə hələ hərbi əməliyyatlar davam edirdi. Torpaqlarımızın geri alınmasından sonra dərhal müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə başlanıldı.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Azərbaycan dövlətinin siyasəti qaranlıqdan doğan günəş tək hərarəti ilə Qarabağa yenidən can verir. Belə ki, bu gün təbiətin möcüzəsi sayılan Qarabağ torpaqlarında bərpa-quruculuq işləri uğurla davam edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş ərazilərə ilk səfəri “Zəfər yolu”nun təməlinin qoyulması ilə yadda qaldı. Prezident cənab İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfərləri işğaldan azad olunmuş ərazilərimizin sürətlə bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

Xalqımız bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!

Prezident cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir.

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə artıq öz xalqına Qələbəni bəxş edən rəşadətli orduya çevrilib. Ulu Öndərin ordu quruculuğu istiqamətində həyata keçirdiyi siyasəti, apardığı islahatları müasir dövrün tələblərinə uyğun davam etdirən Prezident cənab İlham Əliyev qətiyyətli Ali Baş Komandan kimi ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə, Silahlı Qüvvələrimizin ən müasir silah-sursatla, hərbi avadanlıqlarla təmin olunmasına xüsusi diqqət yetirməklə qələbə əzmində olan ordu formalaşdırdı. Nəticədə qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində tətbiq etdiyi dünya hərb tarixində misli görünməmiş unikal döyüş taktikası ilə, hətta ən mükəmməl silahlı qüvvələrə malik olan supergücləri belə heyrətləndirdi. Xalqımızın ordumuza inam və etibarı özünü tamamilə doğrultdu. Haqqın və ədalətin bərpa edilməsi naminə başlanan müharibə Xalq-İqtidar-Ordu birliyinin qarşısıalınmaz yenilməz güc olduğunu bütün dünyaya göstərdi. Dünya ictimaiyyəti çağdaş dünya üçün, əgər belə demək mümkündürsə, qeyri-ənənəvi addım olan müharibə dövründə xalqın gücünün hərb və müdafiə işinə səfərbər edilməsinin parlaq nümunəsinin şahidinə çevrildi. İldırım sürətli müharibə planını cəmi 44 gün ərzində məharətlə reallaşdıran, 30 il işğal altında qalan Füzulini, Cəbrayılı, Zəngilanı, Ağdamı, Qubadlını, Kəlbəcəri, Laçını, Şuşanı, Hadrutu… düşməndən təmizləyən Azərbaycan Ordusunun hər bir zabiti, əsgəri xalqımızın iftixar, qürur mənbəyinə çevrildi.

Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Ali Baş Komandan İlham Əliyev “Qarabağ Azərbaycandır!” tezisini rəşadətli ordumuzun gücü sayəsində dünyaya bəyan etdi. Ölkəmizin həyatında, regionda və dünyada yeni reallıqlar formalaşıb, yeni dövr başlayıb. Xalqımız əmindir ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində postmünaqişə dövrünün də hədəflərinə nail olacağıq. Tezliklə doğma Qarabağımız cənnətə çevriləcək, soydaşlarımızın Böyük Qayıdışı reallaşacaq. Zəfərin mübarək, Azərbaycan! Zəfərin mübarək, Azərbaycan xalqı! Sən yenilməz, məğrur millət olduğunu bir daha bütün dünyaya sübut etdin, Azərbaycan xalqı!

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

Zəfərimizin mənbəyi.

Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan son üç ildə tarixi Zəfəri, eyni zamanda, bu Qələbənin yaratdığı reallıqlarla dünyanın diqqətindədir. Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi hər bir sahədə qazanılan uğurların fonunda tarixi Zəfərimizə gedən yolu təhlil etmək imkanı qazandırır. Çoxəsrlik tariximizə Zəfər Gününü yazan 8 noyabr 2020-ci il tarixinin Azərbaycanın bu günü və gələcəyi üçün yaratdığı imkanlardan bəhs edərkən hər birimiz böyük qürur hissi keçiririk.

Azərbaycan 30 ilə yaxın dövrdə dünyadan ədalət gözlədi. Kiçik dövlətlərə beynəlxalq hüquq dərsi keçən bəzi dünya gücləri özlərinə və havadarlıq etdikləri Ermənistana gəldikdə sanki bu prinsiplərin mövcud olmadığını düşünür, diqqəti yayındırmaq üçün əsassız fikirlər səsləndirdilər. 30 ilə yaxın işğal dövrünün reallıqları dünyada etimad mühitinin mövcudluğundan danışmağın mümkünsüzlüyünü təsdiq edir. Tarixi Zəfərimiz Azərbaycan dövlətinin qətiyyətinin, böyük səylərinin, ədalətə və beynəlxalq hüquqa söykənən təbliğatının nəticəsidir.

Dünyada baş verən müharibələrin təcrübəsi göstərir ki, qüdrətli ordunun mövcudluğu, xalqla birliyi, dövlətin siyasi, iqtisadi qüdrəti, insanların həmrəyliyi və mübarizlik əhval-ruhiyyəsi istənilən qələbənin qazanılması üçün başlıca şərtdir. Bu sınanmış hikməti hakimiyyətə gəldiyi ilk gündən siyasətinin əsas istiqamətləri kimi həyata keçirən Prezident cənab İlham Əliyev dünyanı idarə edən dövlət başçıları arasında liderlik mövqeyini möhkəmləndirdi. Daim irəliyə baxdı. Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasəti, islahatları müasir dövrün tələblərinə uyğun davam etdirən Prezident cənab İlham Əliyev Ali Baş Komandan kimi ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə, Silahlı Qüvvələrimizin ən müasir silah-sursatla, hərbi avadanlıqlarla təmin olunmasına xüsusi diqqət yetirməklə qələbə əzmində olan ordu formalaşdırdı.

Azərbaycan xalqı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq olduğunu, ulu türk millətinin cəsur, qəhrəman bir boyu olduğunu bir daha sübut etdi, misilsiz birlik, həmrəylik nümayiş etdirdi və cəmiyyətimizdə mövcud olan Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı. Xalq öz Liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu. Möhtərəm Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsi və son dərəcə mürəkkəb, çətin müharibə şəraitində hərbi meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq xalqına söz verdiyi kimi sona qədər getdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və Vətən torpağı uğrunda şəhid olan bütün oğul-qızlarımızın qisasını aldı.

Bu gün ən yüksək zirvələrdə dalğalanan, qələbə sevincimizin müjdəçisi olan üçrəngli bayrağımız bu bayrağa illərdir həsrət qalmış doğma torpaqlarımızda dalğalanır. Üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini, həmrəyliyini nümayiş etdirir.

Şərəfimiz, müstəqilliyimizin əbədi qarantı olan bayrağımızın dalğalanması də əsrlər boyu xalqımızın azadlığının, müstəqil siyasətimizin, suverenliyimizin, bütün xalqlarla bərabər yaşamaq hüququmuzun ifadəsi, arzuların reallaşması oldu.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

 

 Bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisə.

Bu il dekabrın 21-də Müstəqil Azərbaycanın tarixində növbəti əlamətdar hadisə baş verdi. Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Qalib Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qarabağımızın mərkəzində – Xankəndi şəhərindəki stadionda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirildi. Bu futbol oyunu sıravi bir idman hadisəsi deyil, bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisə oldu. Belə ki, ilk dəfə idi ki, işğaldan azad edilmiş ərazilərdə futbol maçı keçirilirdi. Bu tədbirə xüsusi rəng verən isə həmin oyunda ölkəmizin Prezidentinin və birinci xanım Mehriban Əliyevanın burada iştirakı oldu. Bu əlamətdar idman yarışmasında vətənimizin ərazi bütövlüyünün bərpası uğurundakı döyüşlərdə həlak olan şəhidlərimizin müqəddəs ruhuna ehtiram və vətənpərvərlik nümunəsi göstərilib. Belə ki, ilk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak ediblər. Bu gün bütün Qarabağın ərazisində aparılan quruculuq-abadlıq işləri işləri aparılır. Xankəndi şəhərindəki stadion cəmi iki ay ərzində yenidən inşa edilib, əsaslı təmir olunub. Bu idman qurğusünda separatizm simvolikasını əks etdirən bütün yazılar ləğv edilərək tarixin zibilxanasına atılıb. Bu tarixi futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası vardır. Təməli Qarabağ xanı tərəfindən qoyulan Xankəndi qədim Azərbaycan diyarıdır. Son 30 il ərzində Xankəndidə separatçılar yuva salmış, Xankəndi şəhəri separatizmin rəmzinə çevrilmişdi. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır və bu torpaqların sahibləri Azərbaycan xalqıdır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Əbədi qürur mənbəyi.

Azərbaycanın möhkəm təmələ əsaslanan davamlı uğurları harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycanın dünyaya Günəş kimi doğmasını təmin etdi. Yalnız Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Ümummilli Liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib. Azərbaycanın qazandığı bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və cənab Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident cənab İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.

Zəfərimizin memarı, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Onun 2003-cü il oktyabrın 1-də xalqa tarixi müraciətində ifadə etdiyi inamı və etimadı doğrultdu. Ümummilli Liderin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları axıra çatdırdı, xalqın arzularını gerçəkləşdirərək torpaqlarımızı tarixi sahibinə qovuşdurdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 2020-ci il 27 sentyabrda əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində – noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Ordusunun şücaəti nəticəsində əldə etdiyimiz Qələbə Azərbaycan Respublikası tarixinin yeni dövrünü açdı, bölgədəki reallıqları dəyişdi və beynəlxalq ədaləti bərqərar etdi. Cəmi 44 gün ərzində düşmən üzərində qazanılan möhtəşəm zəfər ümumxalq həmrəyliyinin ən parlaq bəhrəsi kimi tariximizin səhifəsinə yazıldı. Bir əsr boyunca aparılan mübarizə böyük zəfərlə başa çatdı. Bu Zəfəri qazananlar və bu Zəfər uğrunda canlarını və qanlarını qurban verənlərin əziz xatirəsi daim Azərbaycan xalqının qəlbində yaşayacaq.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

 

Tarixi gün.

Üç ildir xalqımız 30 ilə yaxın gözlədiyi Qələbənin sevincini yaşayır. Bayramlarımız sırasına daha bir möhtəşəm tarixi gün əlavə olundu.

İşğaldan azad olunan Xankəndi şəhərində tarixi futbol oyunu keçirildi. Xankəndi şəhər stadionunda keçirilən qarşılaşma hər birimizin arzusu idi. İşğaldan azad olunmuş ərazimizdə 30 ildən sonra ilk futbol oyununun sevincini yaşadıq. Bu hisləri sözlə ifadə etmək mümkün deyil. Biz Xankəndidə təkcə oyun deyil, həm də böyük bayram əhval ruhiyyəsinin şahidi olduq.  “Bir zamanlar həmin bu stadiondan Qarabağ Ermənistandır və nöqtə ifadəsinə cənab Ali Baş Komandan elə həmin stadionda topa toxunduğu zərbə ilə cavab verərək nida qoydu. Bu toxunuşla Müzəffər Ali Baş Komandan bütün populist çıxışların cavabını vermiş oldu. Artıq Xankəndidə separatçılar yox, bu torpağın sahibləri var. Bu anların illərdir həsrətini çəkmişik. Buna görə də indi hər kəs bayram əhval ruhiyəsindədir. Əlbəttə oyunlar çox olub. Ancaq bu oyun tarixdə əbədi qalacaq, həm xalqımız üçün, həm dövlətimiz üçün, həm də dünya üçün.

Xankəndidə keçirilən oyun çox tarixi bir oyundur. Çünki, 30 ildən çox idi ki, həmin yerlərə əsil sahiblərinin ayağı dəymirdi. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun nəhayət ki, baş tutdu. Hər zaman Xankəndi və Qarabağdan xəbərlər verən Erməni saytları isə bu xəbəri gizlətməyə çalışdı. Ermənilər qəzəb içindədir, düşmən mediasında baş tutacaq oyunla bağlı heç bir məlumat verilmədi. Təbii ki, Xankəndidə keçirilən futbol oyunu çox önəmlidir. Bu ev sahiblərinin evlərinə döndüyünün mesajıdır. Bunu futbol klubları səviyyəsində nümayiş etdirməyin özü belə dünyaya bir mesajdır.

Oyundan öncə komandaların meydana şəhid övladları ilə birlikdə çıxması, daha sonra Dövlət Himnimizin səsləndirilməsi, ardınca isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, cənab Ali Baş Komandanımızın möhtəşəm çıxışı, tribunaların 3 rəngli şanlı al bayraqlarımızla bəzənməsi çox qürurverici anlardır.

Prezidentin yüksək tribunadan səsləndirdiyi “Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır! Bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Azərbaycanlılar bu torpaqlarda əbədi yaşayacaq!”-sözləri qürurvericidir, həm dosta, həm də düşmənə xitabdır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın