22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Şəhidlərimizin qanı yerdə qalmadı

Şəhidlərimizin qanı yerdə qalmadı

Şəhidlərimizin qanı yerdə qalmadı.

Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. 27 Sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xalqımız 44 gün ərzində çox ağrılı günlər yaşadı. Lakin bu çətin günlərin ən sevindirici sonu da qələbə ilə nəticələnməsi oldu. Xalqımızın, əsgərlərimizin tək istəyi I Qarabağ müharibəsi zamanı şəhid olmuş soydaşlarımızın, əsgərlərimizin  qanının yerdə qalmaması idi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Müzəffər ordumuz igidlərimizin qisasını döyüş meydanında aldı. Mənfur düşmənin etdiyi tək şey isə müharibə dövründə gecə saatlarında, hər kəsin yatdığı zamanda bu sükutu raket səsləri ilə pozmaq oldu. Azərbaycan ordusunun Polad kimi neçə oğulları 30 illik həsrətin, vətəni uğurunda canından keçən oğulların qisasını 44 gündə aldı. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Onlar ilə bütün Azərbaycanlılar  fəxr edir.  Qələbəni qanları, canları uğruna bizə bəxş edən cəsur şəhidlərimiz, bədənində Vətən izləri qalmış qazilərimiz, müharibə ərəfəsində mərdlik göstərən əsgərlərimiz, zabitlərimiz, ürəyi Azərbaycanla döyünən millətimiz və ən əsası 44 gün ərzində Azərbaycanı “Dəmir Yumruq” kimi ətrafına toplayan Ali Baş Komandan cənab İlham Əliyev bizim qürur mənbəyimizdir. Onlar öz qəhrəmanlıqları, şücaəti, fədakarlıqları ilə dastana çevirildilər.

Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, o, özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

 

Rəsmi İrəvanın cinayətləri.

Son iki yüz ildə öz havadarlarının köməyi ilə Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti həyata keçirən terrorçu, barbar Ermənistan bu gün də faşist ideologiyasından əl çəkmir. Zaman-zaman xalqımıza ermənilərin ssenarisi ilə vurulan zərbələr az olmayıb. Düşmənin yalnız bir hədəfi olub yaşından və cinsindən asılı olmayaraq dinc azərbaycanlıları məhv etmək. Xalqımıza qarşı əsrlərdir törədilən terror aktlarında minlərlə soydaşımız məhv edildi. Çox təəssüf ki, bunların içərisində azyaşlı körpələrimiz də olub. Bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindədir. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır. Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr regionun inkişafını istəməyən qüvvələrdir. Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər. Ermənistan siyasi rəhbərliyi və revanşist qüvvələr anlamalıdırlar ki, onların törətdikləri təxribatlar nəticəsində Azərbaycan tərəfinin verdiyi hər bir şəhidin qanı yerdə qalmır və qalmayacaq.

Rəsmi İrəvan hərbi cinayətkardır. Ermənistanın ballistik raketlərlə və artilleriya qurğuları ilə daim bizim şəhər və kəndlərimizi atəşə tutmağının nəticəsində mülki şəxslər, o cümlədən qadınlar və uşaqlar həlak oldular. Rəsmi İrəvan törətdiyi vandalizmə görə cavab verməlidir. İşğalçılıq illərində ermənilər bütün ərazilərdə evləri, tarixi abidələri, məzarlıqları, məktəbləri, digər iaşə obyektlərini dağıtmış, meşələri yandırmış, dəhşətli vəhşiliklər törətmişlər. Bu cür insaniyyətə və bəşəriyyətə qarşı törədilmiş cinayətlərə görə Ermənistan məsuliyyət daşımalıdır. Vətəndaşlarımızın həlak olması, çoxsaylı mülki obyektlərin məhv edilməsi beynəlxalq humanitar hüquq qaydalarının pozulması deməkdir. Qadağan edilən silahlardan, kasetli bombalardan istifadədə ermənilərin beynəlxalq konvensiyaların tələblərini pozması deməkdir. Düşmən açıq şəkildə bəşəri dəyərlərə, humanizm prinsipinə hörmətsizlik nümayiş etdirərək beynəlxalq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozmuşdur. Ermənistan ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib. Təbii ki, məqsədləri işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına və insanların öz yurdlarına qayıtmasına mane olmaq, bölgədə hərbi gərginliyin qalmasına nail olmaq idi.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz.
Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

 Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

 

 

Həmrəylik günü dünya azərbaycanlılarının birləşmə istəyinin simvolu.

Yüzilliklər boyu baş verən müharibələr, müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalandı, soydaşlarımızın bir qismi ata-baba yurdlarından didərgin salındı, deportasiyalara məruz qaldı.

1991-ci ildə Azərbaycan xalqının öz istiqlaliyyətini bəyan etməsi, 1920-ci ildə itirilmiş müstəqilliyinin bərpa olunması müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsinə imkan verdi. Azərbaycanlılarının harada məskunlaşmalarından asılı olmayaraq, ən mühüm, ən müqəddəs vəzifələrindən biri Azərbaycan xalqının tarixi nailiyyəti, bütün dünya azərbaycanlılarının mənəvi-siyasi iradəsinin nəticəsi olan müstəqil dövlətçiliyi qoruyub saxlamaqdan, milli dövlətimizin dünya birliyində özünəməxsus yer tutmasına çalışmaqdan ibarətdir.

Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən Ulu Öndər Heydər Əliyev  dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi.
“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – müdrik rəhbərin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.

Bütün çətinliklərə baxmayaraq, xalqımızın milli sərvəti olan müstəqilliyin qorunub möhkəmləndirilməsi, milli və vətəndaş birliyinin təmin edilməsi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun həyata keçirilməsi, yeni iqtisadi münasibətlər sisteminin yaradılması, ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi Azərbaycanın intensiv inkişaf dövrünə qədəm qoymasına imkan verdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin inkişaf strategiyası böyük iqtisadi layihələrə, beynəlxalq və regional platformalara hədəfləndi. İqtisadi müstəqillik, güclü müasir ordu, milli həmrəylik və beynəlxalq səviyyədəki uğurlarımız Vətən müharibəsində Qələbəmizi şərtləndirdi, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzü təmin etdi. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. Məhz milli birliyimiz, 50 milyon azərbaycanlının üçrəngli ay–ulduzlu bayrağa sarılaraq bir amal ətrafında bütövləşməsi döyüş ruhumuzu, qələbə əzmimizi yüksəltdi, tariximizin şanlı zəfər səhifəsi yazıldı. Vətən müharibəsində Azərbaycan Ordusunun hər qələbə sevinci dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizin də qəlblərində böyük qürur və iftixar hissi yaratdı.

Bu gün Ulu Öndərin əsasını qoymuş olduğu milli həmrəyliyimiz Ölkə Prezidenti cənab İlham Əliyevin effektiv siyasəti ilə uğurla inkişaf etdirilir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

Xalqın ideoloji həmrəyliyi.

 Tariximizdə birlik və bərabərliyi ifadə edən möhtəşəm təqvimlərdən olan 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Hər bir xalqın taleyi ilə bağlı böyük ideyalar yalnız fenomen şəxsiyyətlərin əzmkar fəaliyyəti sayəsində gerçəkləşir. Bu mənada, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması Ümummilli Liderimiz Heydər Əliyevin xalqımızın tarixi taleyi ilə bağlı qəbul etdiyi mühüm qərarlardan biridir. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərarın qəbul edilməsi milli birlik fəlsəfəmizin əsasını qoyub, xalqın birləşməsinə və ideoloji həmrəyliyinə nail olub.

1990-1993-cü illərdə Naxçıvandan başlanan Heydər Əliyev xilaskarlıq missiyasının əsas qayəsini məhz xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. Dünya azərbaycanlılarının milli həmrəyliyi istiqamətində görülən işlər Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra daha da genişləndi, Azərbaycan diasporunun və lobbisinin formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər aparıldı. Dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olmuş Ümummilli Liderimiz xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə diasporumuzun nümayəndələri ilə görüşlər keçirdi, onların problem və qayğıları ilə yaxından maraqlandı. Bu görüşlər dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün mənəvi dayaq və güvənc yeri oldu. Dünya azərbaycanlılarının təşkilatlanması və ümummilli ideyalar ətrafında birləşdirilməsi yolunda həyata keçirilən tədbirlərdən biri görkəmli dövlət xadiminin “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” 2001-ci il 23 may tarixli Sərəncamına uyğun olaraq həmin ilin 9-10 noyabrında Bakıda təşkil edilən qurultay oldu. Bu qurultay milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvəsi olmaqla yanaşı, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrinin möhkəmləndirilməsi, eyni zamanda diaspor quruculuğunun təkmilləşdirilməsi işinə öz böyük töhfəsini verdi.

Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin milli birlik, həmrəylik və Azərbaycançılıq ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının bu sahədə gördüyü işlər dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Vətənə bağlılıqlarının artırılmasına mühüm töhfələr vermişdir. Eyni zamanda bu günədək keçirilən qurultaylar ölkədən kənarda yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrində mühüm rol oynamışdır. Prezident cənab İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama əsasən həmin il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinin yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan verdi.

Milli birliyimiz və həmrəyliyimizin sarsılmazlığının təcəssümü isə 2020-ci il  sentyabrın 27-də başlayan Vətən müharibəsində özünü bir daha təsdiqlədi. Azərbaycan dövlət-ordu-xalq şəklində – bir yumruq tək birləşərək 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdi. Dünya Azərbaycan xalqının bu birliyinin nələrə qadir olduğunu aydın şəkildə dərk etdi. Tarixi Zəfər nəticəsində daha da möhkəmlənən milli həmrəyliyimiz bu gün ictimai-siyasi həyatın bütün sahələrində özünü göstərir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

“Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi.

 Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda 44 gün ərzində apardığı Vətən müharibəsini Tarixi Qələbə ilə yekunlaşdırdı. 44 günlük müharibənin hər günü xalqın yaddaşında qələbələr ilə həkk olunub. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Ordusunda bir dənə də fərari olmadı. Ermənistan ordusu, eyni zamanda, mənəvi məğlubiyyətə uğradı. Cəmi 44 gün ərzində Ermənistan silahlı qüvvələrinin hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini göstərdi.  Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Dəmir yumruq” həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirdi. 10 dekabr 2020-ci ildə Bakı şəhərində və 8 noyabr 2023-cü ildə Xankəndində keçirilən Zəfər paradı Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha dünyaya nümayiş etdirdi. Bu parad Cənubi Qafqaz regionunun tək hazırki dövrünün yox, həm də gələcəyi, gələcək münasibətlərinin dizaynını nümayiş etdirən, dostu dost, düşməni isə düşmən gözündə göstərən tarixi hadisə idi və nəhayət bu qalib Ali Baş Komandanın, qalib Ordunun və qalib xalqın paradı idi.

44 günlük Vətən müharibəsində Ali Baş Komandanın müəllifi olduğu “Dəmir Yumruq” ifadəsi xalqımızın milli həmrəylik simvoluna çevrilərək həm hərbi-strateji və mənəvi siyasi əhəmiyyətə, həm də xüsusi rəmzi mənaya malikdir. “Dəmir yumruq” ifadəsinə 44 günlük Vətən müharibəsi zamanı və ondan sonra dəfələrlə rast gəldik, bu söz birləşməsindən qürurla, şərəflə istifadə etdik. Ekran qarşısında Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin xalqa müraciətlərini, çıxışlarını izləyərkən, dövlət başçısının işğaldan azad olunmuş ərazilərə səfərləri çərçivəsində fikirlərini dinləyərkən yaddaşımıza həkk olunan “dəmir yumruğun” varlığına, gücünə-qüdrətinə və əzəmətinə şahidlik etdik. Prezidentimiz dəfələrlə qeyd etdi ki, işğalçılar Azərbaycan torpaqlarını tərk etməsələr, “dəmir yumruq” onların başını əzəcək. Prezident İlham Əliyevin istifadə etdiyi bu ifadə İkinci Qarabağ müharibəsində sonradan hərbi əməliyyat adı kimi tarixin yaddaşına yazılıb tarixiləşdi. Ali Baş Komandanımız qürurla qeyd etdi ki, “Biz “Dəmir Yumruq”la erməni faşizminin başını əzdik, belini qırdıq”. “Dəmir yumruq”, hər şeydən əvvəl, qətiyyət, güc və həmrəylik simvoludur. Dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında olan Prezident cənab İlham Əliyevin qətiyyəti, Azərbaycan dövlətinin, o cümlədən ordumuzun gücü, nəhayət, öz liderinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşmiş xalqımızın həmrəyliyi, birliyi – bütün bunlar “Dəmir Yumruq”un rəmzi mənasını, mənəvi dəyərini və milli məzmununu əks etdirir və “Dəmir Yumruq” bu gün də yerindədir!

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın