22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ziyalılardan çağırış: qanunu və vətəndaşların haqqını tapdamayın

Ziyalılardan çağırış: qanunu və vətəndaşların haqqını tapdamayın

Deputat: “Dövlətin qiymətli kağızını qiymətsiz kağız parçasına döndərmək olmaz”

Sabiq nazir: “Bir milyondan çox insanın hüququ tapdanır – bu, yolverilməzdir”

Azərbaycanda əlində özəlləşdirmə payları (çek) qalan bir milyondan çox vətəndaş hüquqlarının bərpasını gözləyir. Özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması səbəbindən haqqı tapdanmış yüzminlərlə ailənin problemi təcili həllini tələb edir.

Məsələ 10 aydan çoxdur ki, Konstitusiya Məhkəməsində (KM) araşdırılır, amma hələ də nəticə yoxdur. Haqqı tapdanmış vətəndaşlar əmindirlər ki, xalqın mütləq əksəriyyətinin səsini qazanaraq yenidən Prezident seçilən cənab İlham Əliyevin xüsusi müdaxiləsi və göstərişi ilə problemə ədalətli şəkildə baxılacaq və haqqı tapdanmış vətəndaşların payları özlərinə qaytarılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun araşdırılması məqsədilə Prezident Adminstrasiyası tərəfindən KM-ə məktub daxil olub və qeydiyyata alınıb.

Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm də Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, Prezident Administrasiyası, eləcə də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı KM-ə müraciət ünvanlayıb.

Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, ölkə ziyalıları hazırda KM-in qarşısında duran bir nömrəli məsələnin özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməsi olduğunu hesab edirlər. Hansı ki, onların sayı bir milyondan artıqdır. Ziyalılar və ekspertlər dəfələrlə müvafiq qurumlara çağırışlar ediblər ki, vətəndaşların dövlətin qiymətli kağızı ilə bağlı pozulan hüququ bərpa olunsun.

Azərbaycan Milli Məclisinin üzvü, yazıçı, publisist Aqil Abbas mövzu ilə bağlı AYNA-ya açıqlamasında deyib ki, özəlləşdirmə çekləri ilə bağlı bir neçə dəfə millət vəkili olaraq ona da müraciətlər edilib: “Vətəndaşlardan mənə də müraciət daxil olub ki, bu məsələni ictimailəşdirək. Deputat həmkarlarımız dəfələrlə Milli Məclisdə çeklərdən danışıblar, ondan istifadənin lazımlılığını deyiblər. Mən də onların fikrinə qatılıram. Müraciətlərə imza atan deputatlardan biri də mənəm. İndi deyirsiniz ki, Konstitusiya Məhkəməsindədir. İnanıram ki, Konstitusiya Məhkəməsi ədalətli qərar verəcək”.

“Mən bunun hüquqi tərəfini dəqiq bilmədiyim üçün nəsə deməkdə çətinlik çəkirəm. Amma qanun nəyi deyirsə, o formada da məsələ yoluna qoyulmalıdır. Vaxtilə o çeklər ona görə vətəndaşlara paylanmışdı ki, özəlləşdirmədə hər kəsin iştirakı təmin olunsun. İndi əllərdə yüzminlərlə çek qalıb və dövlətin bu qiymətli kağızını qiymətsiz kağız parçasına döndərmək olmaz”, – deyə deputat bildirib.

Yazıçının sözlərinə görə, bu problemə bir əncam çəkilməlidir, hansısa formada yoluna qoyulmalıdır: “Yenə deyirəm, bunun yolunu iqtisadçılar, hüquqçular daha yaxşı bilərlər. Dövlətin lazımi strukturlarında yetərincə savadlı kadrlar var və vətəndaşların bu problemini həll etməyin yolunu bilirlər. Mən onlara müraciət edirəm ki, vətəndaşlarımızın hüquqları bərpa olunsun, narazılıq yaranmasın”.

A.Abbas əmindir ki, qalib ölkənin vətəndaşı belə problemlə üz-üzə qalmamalıdır: “Xüsusilə, vətəndaş haqqı olanı istəyirsə… Qanunda nə göstərilibsə, ona uyğun da vətəndaşın hüququ təmin edilməlidir. Biz Qarabağımızı azad etmiş xalqıq. Belə qəhrəman xalqın nümayəndələrinin ən xırda hüququ belə, pozulmamalıdır. Məncə, burada həll oluna bilməyəcək problem yoxdur. Aidiyyəti orqanlar məsələyə ciddi yanaşmalı, problemi yoluna qoymalıdır”.

Sabiq təhsil naziri, elmlər doktoru, professor Firudin Cəlilov da AYNA-ya söyləyib ki, istisnasız olaraq, vətəndaşların pozulmuş hüquqları bərpa edilməlidir: “Müstəqilliyin ilk illərində dövlətin həyata keçirmək istədiyi islahatların bəziləri uğurlu, bəziləri uğursuz alınıb. Mən xatırlayıram, özəlləşdirmə çekləri hər kəsə paylandı, amma vətəndaşların heç birinin hansısa bir özəlləşdirmədə iştirakı real baş tutmadı. Bu, formal xarakter daşıdı, ad oldu ki, vətəndaş özəlləşdirmədə iştirak etdi”.

“Açığını deyim ki, buna dövlətin də ciddi nəzarəti olmadı. Çeklər sanki hər il bir az da hörmətdən düşdü. Mənə elə gəlir ki, bunu bəziləri qəsdən etdilər ki, vətəndaş çekin mənasız olduğunu görsün, dəyər-dəyməzinə satsın. Elə də oldu, insanlar əllərində olan dövlətin qiymətli kağızını çox ucuz qiymətə satdılar”.

Halbuki, müsahibimizin dediyinə görə, bu özəlləşdirmə payları ilə iri müəssisələrin səhmdarı olmaq imkanı verilmişdi: “Bizim vətəndaşlara bu, nəsib olmadı. Özəlləşdirmə çeklərin ilə bağlı proses ümumiyyətlə, şəffaf olmadı, nəzarətsizlik oldu. Bizim cəmiyyətimiz də çox şeylərə hələ hazır deyildi, maarifçilik aşağı səviyyədə idi. Bundan da yararlanan qüvvələr öz maraqları nəyi tələb etdisə, ona uyğun qərarlar verdilər – bəzən bu qərarlar hüquqa zidd olsa da”.

“İndi çeklərini satmayan, saxlayan vətəndaşlar var. Bu qiymətli kağızın isə tədavül müddəti bitib. Əgər qanunda bunun bitmə müddəti yoxdursa, o zaman niyə tədavül müddəti uzadılmasın, ya hansısa qərar verilməsin? Dövlət qurumları buna bir aydınlıq gətirsin. Yaxşı, əllərində çekləri qalmış yüzminlərlə insan nə etsin?!”, – deyə professor sual edib.

F.Cəlilov bir ziyalı olaraq dövlətin aidiyyəti qurumlarına hüququ pozulan vətəndaşların hüquqlarının bərpasına çağırış edib: “Bir milyondan çox insanın hüququ tapdanırsa, bu, yolverilməzdir. Nəinki bir milyon vətəndaşın, bir vətəndaşın belə, haqqı yeyilməməlidir, tapdanmamalıdır. Qanuna zidd olaraq çek sahiblərinin pozulan hüquqlarının bərpasına çağırıram. Cəmiyyətimizi inkişaf etdirmək istəyiriksə, dövlətimizin möhkəmliyini istəyiriksə, o zaman vətəndaşımızın hüququnu qorumalıyıq. Ümid edirəm ki, əllərində çeki qalmış və haqqı əlindən alınmı. vətəndaşların haqları bərpa olunacaq”.

QEYD

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın