21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Prezident Sarayında Ulu Öndər Heydər Əliyevin – Xalqa vədi

Prezident Sarayında Ulu Öndər Heydər Əliyevin – Xalqa vədi

Respublikada özəlləşdirmənin həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin çıxışını təqdim edirik:

7 mart 1995-ci il tarixində Prezident Sarayında baş tutan müşavirədə Ulu Öndərin çıxışının tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://lib.aliyevheritage.org/az/4962292.html

Azərbaycan parlamenti özəlləşdirmə haqqında 1993-cü ilin yanvarında qanun qəbul edib. Bu qanun qəbul edilən vaxtdan iki ildən çox vaxt keçib. Həmin qanuna bu gün bir daha baxsaq, hesab edirəm ki, özəlləşdirməni həyata keçirmək üçün o, yaxşı hüquqi əsas yaradır. Ancaq qanunda nəzərdə tutulmuş tədbirlər qanun qəbul olunandan sonra təəssüf ki, həyata keçirilməyib. Bu gün demək olar ki, bunların obyektiv və subyektiv səbəbləri var. Həmin səbəbləri mən indi o qədər də təhlil etmək fikrində deyiləm. Ancaq bir neçə kəlmə demək məcburiyyətindəyəm. Onu qeyd etmək istəyirəm ki, bu qanunun həyata keçirilməsinin ləngiməsi bəzi dairələrdə – müxalifət dairələrdə, yaxud bizim dövlət strukturunda olan ayrı-ayrı dairələrdə belə fikirlər yaradır ki, guya özəlləşdirməni kimsə həyata keçirmək istəyir, kimsə istəmir, kimsə bunu ləngidir, mane olur, kimsə canfəşanlıq edərək bunun tərəfdarıdır.

Güman edirəm ki, bunların heç birinə əsas yoxdur. Respublikamızda daxili ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr, yaxud dövlətin ümumən siyasətinə, o cümlədən iqtisadiyyat sahəsindəki siyasətinə ləkə salmaq istəyən qüvvələr belə şayiələri, sözləri meydana atırlar. Bir prezident kimi, dövlət başçısı kimi mənim mövqeyim məlumdur. Mən Azərbaycanda dövlət başçısı, prezident vəzifəsini həyata keçirməyə başlamamışdan bir neçə il öncə də, ümumiyyətlə Sovetlər İttifaqı dağılandan, Azərbaycan müstəqillik qazanandan, hətta Azərbaycan müstəqilliyə can atan vaxt özəlləşdirmənin, iqtisadi islahatların tərəfdarı olmuşam; nəinki tərəfdarı olmuşam, hətta onların Azərbaycanda həyata keçirilməsinin həddindən ziyadə zəruri olduğunu bildirmişəm.

Sovetlər İttifaqının saxlanılıb-saxlanılmaması haqqında Azərbaycan parlamentində 1991-ci ilin martında gedən müzakirələr zamanı – hələ o vaxt Sovetlər İttifaqı mövcud idi, kommunist partiyasının hakimiyyəti var idi – mən bu barədə öz fikirlərimi burada, Azərbaycanda da demişəm, Naxçıvanda işlədiyim vaxtlar da bu barədə öz fikirlərimi açıq-aydın söyləmişəm. Bunlar ondan ibarətdir ki, Azərbaycan keçmiş iqtisadi sistemlə yaşaya bilməz. Ölkəmizin böyük təbii sərvətləri, iqtisadi, intellektual, elmi potensialı Azərbaycan üçün çox yaxşı gələcək yarada bilər. Bu gələcək də yalnız və yalnız iqtisadiyyatın aparılması sisteminin, mülkiyyət formasının dəyişdirilməsindən, sərbəst iqtisadiyyata, təşəbbüskarlığa geniş yer verilməsindən, bazar iqtisadiyyatı yolu ilə getməkdən ibarətdir. Mənim bu mövqeyim dəyişilməyib. Bir neçə il bundan əvvəl ifadə etdiyim bu mövqeyi mən bu gün daha kəskin surətdə bir daha bəyan edirəm. Güman edirəm ki, dövlət orqanlarımızda rəhbər işlərdə çalışan vəzifəli şəxslərin əksəriyyəti belə fikirdədir. Baxmayaraq ki, 94-cü ilin sonunda bu məsələlər müzakirə edilərkən bizim içərimizdə iqtisadi islahatların keçirilməsinə, ölkəmizin bazar iqtisadiyyatına keçməsinə müxalif olan səslər də gəlirdi, müxalif mövqelər də bəyan edilirdi, ancaq bu o vaxt azlıq təşkil edirdi, həlledici bir amil deyildi. Əksəriyyət, yəni dövlət orqanlarında çalışan vəzifəli adamların əksəriyyəti də, mənə məlum olduğu kimi, bu prinsiplərin həyata keçirilməsinin tərəfdarıdır. Ancaq bir var tərəfdar olmaq, bəyan etmək, bir də var onu əməli surətdə həyata keçirmək…

İndi isə mən istərdim ki, məsələnin konkret müzakirəsinə başlayaq. Əvvəlcə təklif edərdim ki, özəlləşdirmə haqqında qanunu bir də yadımıza salaq. Çünki qanun 1993-cü ilin yanvarında qəbul olunub. Mən şəxsən özüm onu diqqətlə oxumuşam. Amma ola bilər ki, həmin qanun bu gün kiminsə xatirindədir, kiminsə xatirində deyil. Bu qanun bizim üçün hüquqi əsasdır. Ona görə də mən istərdim ki, həmin qanun burada oxunsun – çünki bizim bu barədə başqa qanunumuz yoxdur – görək bu qanuna əsasən nə iş görməliyik. Şübhəsiz ki, o qanunda da müəyyən dəyişikliklər, əlavələr ola bilər. Ancaq hesab edirəm ki, bu qanun əsas kimi götürülə bilər: mən Şahin Əliyevə söz verirəm ki, həmin qanunu oxusun və bu, bizim üçün başlanğıc olsun.

Bir daha qeyd edirəm ki, fikrimcə qanun özəlləşdirməni həyata keçirmək üçün hüquqi əsas yaradan bir sənəddir. Şübhəsiz ki, bugünkü müzakirədə dəyərli təkliflər irəli sürülərsə, qanuna əlavələr və ya dəyişikliklər etmək olar və bu da mümkündür. Ancaq güman edirəm ki, özəlləşdirməni aparmaq üçün bu qanun tam hüquqi əsas verir.

Ulu Öndərin Yekun sözü

Qanundan irəli gələn tələblər, özəlləşdirmənin prinsipləri bu proqramda öz əksini tapmalıdır. Burada bütün çıxışlarda cürbəcür fikirlər söylənildi, ancaq yekdil fikir olmadı. Şübhəsiz ki, özəlləşdirməni keçirmək üçün bizim özəlləşdirilməli olan fondlarımız qiymətləndirilməlidir. Müəyyən olunmalıdır ki, hansı sahələr mütləq özəlləşdirilməli, hansı sahələr dövlətin mülkiyyəti kimi saxlanılmalıdır. Özəlləşdirilən sahələrin hamısı qiymətləndirilməlidir. Qanunda göstərildiyi kimi, bugünkü müzakirələrdən göründüyü kimi, şübhəsiz ki, hər bir vətəndaşın payı olmalıdır. Ancaq bu pay hansı səkildə olmalıdır, vətəndaş bu dövlət mülkiyyətinin özəlləşdirilməsindən nə götürəcək və nə cür iştirak edəcək – bunlar hamısı proqramda müəyyən olunmalıdır.

Burada Tofiq Əzizovun təklifi var ki, vauçer olsun. Vauçerin əleyhinə təkliflər var, vauçerin qiymətinin olub-olmaması barədə təklif var, vauçerin qiymətinın göstərilməməsi barədə təklif var. Əvvəlki layihədə, burada deyildiyi kimi, vauçer yox, ancaq hər bir vətəndaşa müəyyən məbləğdə vəsait ayrılması var. Vauçer məsələsinin də həyata keçirilməsində Tofiq Əzizovun təklifləri əsasında çox böyük texniki işlər görülməsı lazım olacaqdır – vauçerlərin istehsal olunması, yaxud hazırlanması, depozitarinin yaranması, vauçerlərin paylanması üçün şəbəkələr və cürbəcür başqa məsələlər. Bunların hamısı da həm vaxt, həm də vəsait tələb edəcəkdir. Ona görə də mən görürəm ki, bu barədə fikir ayrılığı tamamilə təbiidir və qəti bir fikir də demək çətindir. Şəxsən mən bunu demək istəmirəm. Ancaq bir şey aydındır ki, özəlləşdirmə zamanı vətəndaşların payı olmalıdır, hər bir vətəndaş öz payını almalıdır, bu payından istədiyi kimi istifadə etməlidir. O, ya özəlləşdirilən müəssisənin bır hissəsinin sahibi olacaqdır, yaxud öz payını başqasına verəcək və ya satacaqdır. Bunlar hamısı gələcək proseslərdə olacaqdır. Amma vətəndaşın payı olmalıdır.

Burada çıxış edənlərin bir çoxu dedi ki, özəlləşdirmədə əhalinin sosial müdafiəsi təmin olunmalıdır. Bu da proqramda öz əksini tapmalıdır. Şübhəsiz, burada deyildiyi kimi, özəlləşdirmə uzun bir müddətdə aparıla bilməz. Əbdülsəlimzadə dedi ki, xalqımızın xüsusiyyəti, mentaliteti və başqa amillər imkan vermir ki, biz özəlləşdirməni qısa müddətdə aparaq. Bəlkə bir neçə ilə onun 30 faizini apara bilərik, ondan sonra daha bir hissəsini. Yəni bu özəlləşdirmə 10 il, 15 il, 20 il çəkəcəkdir. Belə olan surətdə əgər biz bu gün hesab ediriksə ki, dövlət əmlakı özəlləşdiriləcək və insanlar ondan bu payı alacaq, bəs bu payı nə vaxt alacaq? Belə çıxır ki, biri payını bu gün alacaq, biri bir ildən sonra, biri də 15 ildən sonra, 20 ildən sonra alacaq. Bəs bu, necə müəyyən olunacaq?

Cənab prezident,

Atanız Ulu Öndərin tarixi ədalət naminə dövlət məmurları və hakimiyyət qarşısında açıq qoyduğu bu sualın cavabını indi xalqa siz verməlisiniz. Atanızın xalqa vəd etdiyi tarixi ədalət pozulur.

Artıq 22 il keçməsinə baxmayaraq, qanunlarla vətəndaşlara dövlət öhdəliyi kimi vəd olunmuş xalqa məxsus 65% miras əmlak payları 12 ildir Konstitusiya və qanunlara, beynəlxalq hüquqa zidd olaraq ancaq pulla varlılara satılır. Beləliklə, xalqı aldadırlar. Baxmayaraq ki, qiymətli kağız kimi bu çeklər vətəndaşlara paylandıqdan sonra qanunla birincili olaraq yerləşdirilmiş sayılır və bütün özəlləşdiriləcək dövlət mülkiyyətinin 65%-nin mülkiyyət hüququ vətəndaşlara keçmiş sayılır, yəni onların olduğunu təsdiq edir. Sadəcə kimin haradan bu payı alması seçimi özündən asılıdır.

Dövlət və heç bir məmur xalqa atanız tərəfindən qanunla verdiyi bu 65% miras əmlakını kompensasiya ödəmədən sata bilməz!

Cənab prezident, xahiş edirik ki, xalqa qarşı düşmənçilik edənləri cəzalandırasınız.

https://www.facebook.com/…/66847…/posts/1577668382596133

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın