NATO ilə aparılan dialoq uğurla davam edir
NATO ilə aparılan dialoq uğurla davam edir.
Prezident cənab İlham Əliyevin cari ilin 17 mart tarixində NATO-nun Baş katibi Yens Stoltenberqlə görüş əsnasında enerji təhlükəsizliyi sahəsində Azərbaycanın bir sıra NATO müttəfiqləri ilə sıx əlaqələrini alqışlaması münasibətlərin müxtəlif sahələrdəki xarakterini açdı. Bu baxımdan rəsmi Bakının Ermənistanın təcridini və zəifliyini artırmaq üçün geostrateji təsir imkanlarından istifadə etməyə çalışması İrəvanın sülhə məcbur edilməsinin fərqli yollarından biridir. Bundan əlavə, bu tərəfdaşlıq Bakı üçün Ermənistana münasibətdə strateji mövqelərini gücləndirmək üçün bir vasitə rolunu da oynayır ki, bu da son nəticədə İrəvanın zəifləməsinə gətirib çıxara bilər. Həmçinin Azərbaycanın qapalı formatda Fransa başda olmaqla NATO dövlətləri tərəfindən Ermənistana yardımdan narahatlığını son görüşdə ortaya qoyması və bunun aradan qaldırılmasının zəruriliyini vurğulaması real arqumentlərdəndir.Çünki davamlı siyasi və hərbi dəstək Ermənistanı sülhdən yayındıra bilər, bu da regional sabitliyə təhdidləri artırır. Azərbaycan balanslaşdırma siyasəti sayəsində Rusiya ilə Qərb arasında artan qarşıdurma fonunda manevr imkanını saxlayır. Müəyyən bir məqamda, xüsusən də Gürcüstan və Ukrayna kimi postsovet məkanındakı digər dövlətlər fəal şəkildə alyansa üzv olmağa can atanda, Azərbaycan GUAM-dakı (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) həmkarlarının yolunu getmədi. Reallıqda isə Bakı heç vaxt NATO üzvlüyünə can atmadı və bunun əvəzinə rəqib bloklardan bərabər şəkildə faydalanmağa çalışır. Vətən müharibəsindənki Qələbədən, ümumuiyyətlə, 2021-ci ildən sonra NATO ilə Azərbaycan arasında qarşılıqlı səfərlər müntəzəm xarakter almağa başladı. Belə ki, 2021-ci ilin dekabrında Prezident İlham Əliyev Brüsseldə Alyansın mənzil-qərargahına baş çəkərək Azərbaycanın “NATO ilə yüksək səviyyədə qarşılıqlı əlaqəyə malik olmasından çox məmnun olduğunu” bəyan etməsi münasibətlərin qarşılıqlı etimada əsaslandığını göstərir. 2021-ci ildən bəri NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın və digər NATO rəsmilərinin Azərbaycana səfərləri praktiki əməkdaşlıq, baxımından da əhəmiyyətli idi. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin 2023-cü ilin mayında Brüsseldə NATO rəsmiləri ilə bir sıra görüşlərə qatılması da deyilənləri təsdiq edir. Azərbaycan NATO ilə əlaqələrini Türkiyə vasitəsilə də inkişaf etdirir. Belə ki, Azərbaycan NATO üzvü olan qardaş ölkənin de-fakto təhlükəsizlik zəmanətindən də faydalanır, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini, onları NATO standartlarına yaxınlaşdırmağı hədəfləyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hətta 2021-ci il iyunun 15-də imzalanmış ikitərəfli Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycanda Türkiyə hərbi bazasının yaradıla biləcəyini açıqlamışdı. Bu da NATO ölkəsi Türkiyə ilə əməkdaşlığın genişlənməsinin güclü göstəricisidir.2022-ci ildə NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdalın başçılıq etdiyi Atlantik Alyansının nümayəndə heyəti Azərbaycanın hərbi obyektlərinə baş çəkib və “NATO ilə tərəfdaşlıq nəticəsində əldə edilən əməliyyat imkanlarında irəliləyişi” yüksək qiymətləndirib.
Toğrul Abulov-Zərdab Gənclər evinin metodisti.
Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur.
Azərbaycan ilə NATO arasında münasibətlər 1992-ci ildən qurulub və onilliklər ərzində inkişaf edib. Ölkəmiz hərbi blokun müxtəlif proqramlarında, o cümlədən Sülh Naminə Tərəfdaşlıq proqramı və NATO-nun Əfqanıstan və Kosovodakı missiyalarında aktiv şəkildə fəaliyyət göstərib. Ölkəmizin NATO səylərinə töhfəsi 2002-ci ildə 22 sülhməramlı ilə başlayıb və 2021-ci ilin yayına kimi onların sayı 120-yə yüksəlib. Azərbaycan bölmələri quru dəstəyi ilə yanaşı, müttəfiq qüvvələr üçün Əfqanıstanda maddi-texniki təchizat, tranzit marşrutlarının təhlükəsizliyini də təmin ediblər. Azərbaycan Respublikası 1997-ci ilin iyulunda NATO-nun Avro-atlantika Əməkdaşlıq Şurası adlı qurumuna da qoşulub. 1997-ci ildə həmçinin, Azərbaycan NATO-nun Brüsseldəki mənzil-qərargahında öz diplomatik nümayəndəliyini açıb. 1999-cu ildə Azərbaycan NATO-nun rəhbərliyi altında Kosovoda aparılan sülhməramlı əməliyyatlara yardımçı olmaq məqsədilə hərbi bölmə göndərib. 2006-cı ildə Bakıda NATO-nun məlumat mərkəzi fəaliyyətə başlayıb. Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir. Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər. Terrorçuluğa qarşı Tərəfdaşlıq Əməliyyat Planında iştirak edərək Azərbaycan terrorçuluğa qarşı mübarizəyə töhfə verir. Buraya NATO ilə kəşfiyyat və analitik məlumatların bölüşməsi və terrorçuluğa qarşı milli təlim imkanları və sərhədlərin və infrastrukturun təhlükəsizliyinin gücləndirilməsi sahəsində müttəfiq ölkələrlə əməkdaşlıq daxildir. Azərbaycan NATO ilə terror təhlükəsi ilə bağlı kəşfiyyat mübadiləsi həyata keçirir, siyasi müzakirələrdə iştirak edir və milli qabiliyyətlərin inkişaf etdirilməsi sahəsində əməkdaşlıq həyata keçirir. Silahlı Qüvvələrdə korpus səviyyəsinə qədər NATO-nun struktur standartları tətbiq olunub. Sülh və Təhlükəsizlik üçün Elm (STE) proqramı çərçivəsində Azərbaycan 30 əməkdaşlıq layihəsinin həyata keçirilməsi üçün qrant alıb. 2006-2008-ci illərdə NATO-nun maliyyəsi və ekspertizası ilə Mingəçevir və Ələt ərazisində keçmiş sovet ordusundan qalma 1400 ton, vaxtı keçmiş, yüksək zəhərli raket yanacağının zərərsizləşdirilməsini nəzərdə tutan Melanj layihəsi həyata keçirilib. 2005-ci ildən başlayaraq üç mərhələdə həyata keçirilən bu layihə 2011-ci ilin yayında başa çatıb. 2021-ci il avqustun sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olublar.
Toğrul Abulov-Zərdab Gənclər evinin metodisti.