22.01.2025 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

20 Yanvar günü Azərbaycan xalqının tarixinin həm faciəli, kədərli səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir

20 Yanvar günü Azərbaycan xalqının tarixinin həm faciəli, kədərli səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir

20 Yanvar günü Azərbaycan xalqının tarixinin həm faciəli, kədərli səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir

XX əsrin sonlarına doğru vüsətlənən Milli Azadlıq Hərəkatı ilə tariximizin “Milli Dirçəliş” dövrünə qədəm qoyduq.  İmperiya buxovlarından qurtulmağa çalışan Azərbaycan xalqı təxminən 200 illik rus müstəmləkəçiliyi ilə savaşın nəticəsi olaraq milli dövlət quruculuğunu tamamlamağa müvəffəq oldu. Bu tarixi zaman içində baş verən savaşlar, etirazlar Azərbaycan istiqlalının yenidən əldə olunmasına xidmət etdi. Bu mənada XX əsrin sonlarında İstiqlal Mübarizəmizin qızıl rəqəmlərlə yazılan mühüm tarixi günləri var ki, onlardan biri də məhz 1990-cı il 20 Yanvar hadisəsi idi. Bu hadisə heç bir ordunun, heç bir silahın vətən sevgisindən, azadlıq istəyindən daha güclü olmadığını və olmayacağını göstərdi bizə. Mübariz ruhlu, müstəqillik amalı olan xalqlar həmişə imperialistlər tərəfindən qan içində boğulub. Sovet-rus imperiyası da öz xislətinə sadiq qalaraq azadlıq istəyən xalqları, o cümlədən, azərbaycanlıları qətliama məruz qoydu. Ancaq əsas olan odur ki, aparılan bu mübarizə hədər getmədi, tökülən qanlar yerdə qalmadı. 20 Yanvar SSRİ-nin dağılmasında həlledici rol oynadı, Azərbaycan öz müstəqilliyinə qovuşdu. Beləliklə, 20 Yanvar Azərbaycan insanının milli kimlik təfəkkürünün kütləvi şəkildə oyanmasında, yenidən formalaşmasında böyük rol oynadı və azadlıq düşüncəsi həmişəlik insanların düşüncəsinə hakim kəsildi. Milyonların çiynində son mənzilə yola salınan müqəddəs Şəhidlərin adı və Bakının ən uca məkanında uyuduqları Xiyaban isə millətin ömürlük and yerinə çevrildi.

Ötən 34 illik müstəqilliyimiz ərzində xalq olaraq bütün potensialımızı ərazi bütövlüyümüz uğrunda səfərbər etməyimiz, dövlətçiliyimizin isə əmin əllərdə olması, peşəkar diplomatiya nəticəsində 44 günlük Vətən müharibəsi qələbə ilə sona çatıb, Qarabağda işğal altında olan torpaqlarımız üzərində suverenliyimiz bərqərar olub, ərazi bütövlüyümüz təmin edilib. Qələbə ilə yadda qalan bu fakt göstərir ki, artıq dirçəlmişik və bundan sonra öz sözümüzü deməyə və onun arxasında durmağa real gücümüz var. Bunun üçün biz güclü liderə, vətənpərvər xalqa sahibik. Gələcək dalğaların qarşısında möhkəm dayana bilmək üçün keçmişimizi də unutmamalı, tarixin şanlı səhifələrini vərəqləməyi bacarmalıyıq. Elə 20 yanvar tarixi kimi. Həmin gün öz şirin canlarını qurban vermiş müqəddəs Şəhidlərimizin parlaq və unudulmaz xatirəsini böyük sayğıyla anır, onların ruhu qarşısında ehtiramla baş əyirik.

Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın direktor müavini, baş həkim

 

 

Ölkəmizin tarixində unudulmaz səhifə.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın milli azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm qanlı faciə, həm də qəhrəmanlıq dastanı kimi yazıldı. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi.  Ötən əsrin 80-ci illərinin sonlarında azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasına və ermənilərin Kremldəki rejimə arxalanaraq Qarabağı Ermənistana birləşdirmək istəklərinə qarşı Azərbaycan xalqının başlatdığı milli mübarizənin, suverenlik amalının SSRİ rəhbərliyi tərəfindən amansızcasına boğulması və digər proseslər “20 Yanvar” faciəsinə səbəb oldu. Həmin dövrün mürəkkəb ictimai-siyasi mühiti, geniş vüsət almış milli-azadlıq hərəkatını idarə edə biləcək və xalqı düzgün istiqamətləndirəcək yetkin siyasi liderin, dövlət rəhbərinin olmaması bu faciənin baş verməsində xüsusi rol oynadı.

Ulu Öndər Heydər Əliyevin haqlı olaraq bəyan etdiyi kimi “Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya, siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı”. Nəticədə keçmiş SSRİ-nin rəhbəri Mixail Qarbaçovun Azərbaycan xalqına qarşı törətdiyi misli görünməmiş bu vəhşilik baş verdi. Sovet ordusunun qırmızı mundirinə bürünmüş cinayətkar erməni quldur dəstələrinin Azərbaycan xalqına qarşı terror aktı 134 mülki vətəndaşın ölümünə, 600-dən çox insanın yaralanmasına səbəb oldu. Qətliam keçmiş imperiyada və dünyada geniş əks-səda doğurdu. “20 Yanvar” faciəsinə aparan yol Azərbaycan xalqının Ermənistanın ərazi iddiaları və Qarabağın işğal planlarına qarşı şərəfli mübarizədən başlamışdı və qürurverici tarixlə tamamlandı. Şəhidlər xiyabanı igid oğullarımızın müqəddəs and yerinə çevrildi. Xalqımız bu əziz və uca ünvanda şəhidlərimizin ruhu qarşısında baş əyərək onların qanının yerdə qalmayacağına söz verdilər və sözlərini tutdular.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın