Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib
Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib
2025-ci ilin Martın 13-də Bakıda, “Gülüstan” sarayında Prezident cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu öz işinə başladı. Martın 15-dək davam edəcək Forumda dünyanın müxtəlif ölkələrindən 400-ə yaxın xarici qonaq iştirak edir. Hər bir beynəlxalq əhəmiyyətli tədbir mahiyyəti ilə bərabər, keçirildiyi məkan baxımından da geniş təhlil edilir, diqqətdə olur. 2012-ci ildən təsis edilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı cənab İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir.
Prezident cənab İlham Əliyevin bu ilin yanvarında Dünya İqtisadi Forumunun 55-ci toplantısı çərçivəsində Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində jurnalistin “Sizcə çoxqütblü dünyada Azərbaycanın yeri haradadır” sualına cavabını xatırlatmaq istərdik. Prezident cənab İlham Əliyev bildirdi ki, biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Biz güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurduq. Ümumi daxili məhsula (ÜDM) nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Buna əsaslanaraq biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz. Cənab prezidentimiz İlham Əliyevin bu fikirləri ölkəmizin beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunmasını şərtləndirən amilləri açıqlayır. Bu zirvələrin təqdimatı tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsidir. Dünyanı narahat edən qlobal problemlərin Azərbaycanda müzakirə edilməsi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimizin nəticəsidir. XII Qlobal Bakı Forumunun “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusu hazırkı dövrün qarşıya qoyduğu hədəfləri açıqlamaqla yanaşı, Azərbaycanın bu məsələnin müzakirəsində mövqeyinin nə qədər böyük önəm daşıdığını nümayiş etdirir.
Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc
Mübarizəmiz ədalət, beynəlxalq hüquq və ləyaqətimiz üçün mübarizə idi
Prezident cənab İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumunda Prezident cənab İlham Əliyevin proqram xarakterli çıxışında Bakı Forumunun beynəlxalq nüfuzunu artıran amillərə, gələcək fəaliyyətinə, iştirakçı dövlətlərin say tərkibinin artması fonunda aktual məsələlərin həllinə töhfələrin verilməsinə diqqət yönəldildi. Cənab Prezidentimiz İlham Əliyev bu mühüm tədbirin təmsilçilik səviyyəsinin və intellektual potensialının aparıcı beynəlxalq konfranslara uyğun olduğunu vurğuladı. Belə ki, Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak edirlər. Martın 15-dək davam edəcək XII Qlobal Bakı Forumunda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”, “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” və “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” mövzularında panellər təşkil olundu.
Qlobal problemlərin ölkəmizdə müzakirə edilməsi Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu bir daha təsdiqlədi. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyi ikitərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin genişlənməsində öz sözünü deyir. Prezident cənab İlham Əliyev Forumdakı çıxışında Azərbaycanın qlobal problemlərin həllinə verdiyi töhfələrdən, hazırkı dövrün çağırışlarından, tarixi Zəfərimizin reallıqları əsasında regionda və dünyada baş verən dəyişikliklərdən geniş bəhs etdi. Azərbaycanın ötən ilin noyabrında uğurla ev sahibliyi etdiyi COP29 konfransı iqlim dəyişiklikləri ilə mübarizədə qlobal transformasiya prosesinə mühüm töhfə kimi dəyərləndirildi. Dövlət başçısının XII Qlobal Bakı Forumunda xüsusi olaraq diqqət yönəltdiyi məsələlərdən biri torpaqlarımızın işğaldan azad edilməsi oldu. “Mübarizəmiz ədalət, beynəlxalq hüquq və ləyaqətimiz üçün mübarizə idi” deyən Prezident cənab İlham Əliyev bu reallığı vurğuladı ki, BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdik. Əgər torpağımızı güclə azad etməsəydik, onlar növbəti 27 il də kağız üzərində qalardı. O da bildirildi ki, Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini, o cümlədən Ermənistanın işğalı və təcavüzü nəticəsində Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri yaddan çıxara bilmərik və çıxarmayacağıq. Azad olunmuş ərazilərə səfər edənlər barbarlıq səviyyəsini görə bilər. Bütün şəhərlərimiz xarabalığa çevrilib. İndi isə onları yenidən tikirik. Hər bir şey yerlə-yeksan olunubdur və bu, kəndlərimizə, şəhərlərimizə qarşı bilərəkdən urbisid idi, dinimizə və tarixi irsimizə qarşı bilərəkdən zərbə idi. 65 məscid dağıdılıb və nəinki azərbaycanlıların, o cümlədən bütün dünya müsəlmanlarının hisslərini təhqir etmək üçün orada donuz və mal saxlayıblar. Biz bunu yaddan çıxarmayacağıq. Biz 613 insanın, onlardan 60-dan çox uşağın və 100-dən artıq qadının ermənilər tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımını yaddan çıxarmayacağıq. Lakin, eyni zamanda, biz gələcəyə nəzər salmalıyıq. Biz Cənubi Qafqazda sülhə nail olmalıyıq. Bu baxımdan, Azərbaycan sülh prosesinin təşəbbüskarı olub. Əslində, Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir. Azərbaycan hər zaman sabitliyin, sülhün tərəfdarıdır, bütün məsələlərin ədalət və beynəlxalq hüquq çərçivəsində həllinə səy göstərir. Dövlətimizin uğurlu və düşünülmüş siyasəti nəticəsində ölkəmiz sabitlik, əməkdaşlıq məkanı kimi nüfuz qazanır. Tarixi Zəfərimizdən dərhal sonra ölkəmizin regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifini etməsi də bunun bariz nümunəsidir. Prezident cənab İlham Əliyevin qətiyyətli liderliyi, uğurlu siyasəti Azərbaycanın beynəlxalq nüfuzunun və tərəfdaş ölkələrlə əməkdaşlıq imkanlarının durmadan genişlənməsini təmin edir.
Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini