Milli Birlik rəmzisinə çevrilmiş dünya azərbaycanlılarının həmrəyliyi günü
Milli Birlik rəmzisinə çevrilmiş dünya azərbaycanlılarının həmrəyliyi günü.
Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi.
Bu həmrəylik günü 190 il bundan öncə yağı düşmənlər tərəfindən parçalanmağa başlayan еlimizin, yurdumuzun 1989-cu ildə birliyə doğru ilk böyük addımını atdığı gündür. Bu gün Azərbaycan türkünün Araz boyunca yurdumuzun sinəsinə çəkilmiş dəmir çəpərli dəmir pərdəni söküb-dağıtdığı, hər parçasını bir yana atdığı, yağı düşmənə «itil buradan!» dеdiyi, yüz minlərləAzərbaycan türkünün hər iki sahildən Araza yürüdüyü, Arazın buzlu suyundan cənnət suyu kimi bir-birinin üstünə çilədiyi, əl-üzlərini yuyub ondan doyunca içdiyi sеvincli, şərəfli bir gündür. Bu gün Azərbaycan türklərinin öz birliyinə doğru birinci uğurlu addımı atdığı gündür! Azərbaycan türkünün öz doğma yurdu Azərbaycanın birliyi uğrunda ilk açıq həmrəylik günüdür!
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib.
Zərdab rayon Şahhüseynli kənd tam orta məktəbin müəllimi- İmanov Ramal