22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Xalqa həsr olunmuş ömür

Xalqa həsr olunmuş ömür

Xalqa həsr olunmuş ömür.

Tarixin inkişafı prosesində hər bir xalqın taleyində böyük şəxsiyyətlərin müstəsna xidmətləri olur. Belə şəxsiyyətlərin yalnız doğum tarixi olur, illər və əsrlər ötsə də bu şəxsiyyətlər xalqın tarixində və milli yaddaşında əbədi yaşayırlar. Öz əməlləri ilə xalqın, dövlətin salnaməsində silinməz izlər buraxır, milləti və dövləti xilas edirlər. Müasir Azərbaycanın tarixində belə bir şəxsiyyət heç şübhəsiz ki, Heydər Əliyevdir. Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Ulu Öndər Heydər Əliyev həm sovet hakimiyyəti illərində, həm müstəqillik dövründə Azərbaycan dövləti qarşısında olduqca böyük və tarixi xidmətlər göstərmişdir. Fəxrlə deyə bilərik ki, müasir şəraitdə dövlət müstəqilliyimiz üçün vacib olan iqtisadi potensialımızın əsası Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində qoyulmuşdur. Dahi rəhbərin müəyyən etdiyi bütün sahələrdə islahatlar aparmaq yolu ilə ölkə iqtisadiyyatını inkişaf etdirmək və mövcud iqtisadi potensialdan istifadənin səmərəsini artırmaqla onu xalqın bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına yönəltmək kimi bir-birini tamamlayan iki istiqamət ölkənin müasir inkişaf gerçəkliyinin obyektiv nəzəri-praktiki təməli olmaqla, vətənimizin gələcək tərəqqisinə böyük təkan verdi. İslahatların yüksək peşəkarlıqla aparılması sözsüz ki, Heydər Əliyev dühasının bəhrəsi idi.  Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, sabitlik və tərəqqi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur. Həyatımızı əhatə edən tarixi gerçəkliyin qərarlaşması birbaşa Heydər Əliyevin fövqəladə xidmətlərinin nəticəsidir və bu xidmətlər kənarında Azərbaycanın müasir tarixi təsəvvür belə oluna bilməz. Vətənə, xalqa xidmət onun həyat məramı, ömür amalı olmuşdur. Xoş amalları və əməlləri ilə qədirbilən xalqımızın tükənməz sevgisini qazanmış Ulu Öndərin adı tarixdə təkrarolunmaz siyasətçi, qüdrətli dövlət başçısı, əfsanəvi şəxsiyyət kimi qalacaq, parlaq xatirəsi yaddaşlarda əbədi yaşayacaqdır. Doğma Azərbaycanımızın son illərdə əldə etdiyi nailiyyətlər, sözün həqiqi mənasında, əsası Ulu Öndər tərəfindən qoyulmuş ölkənin inkişaf strategiyasının yeni mərhələdə, dövrün çağırışlarına uyğun onun layiqli varisi tərəfindən inamlı davamının nəticəsidir. Ölkə vətəndaşları, bütün dünya azərbaycanlıları ürəkdən inanırlar ki, Heydər Əliyevin bizlərə ərməğan etdiyi bugünkü müstəqil Azərbaycan öz uğurları ilə hələ uzun illər dünyanı heyrətləndirməkdə davam edəcəkdir.

 

Zərdab rayon Həsən bəy Zərdabi  muzeyinin əməkdaşı Günay Şirinova.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın