Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir
2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı, Zəfər ili kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazandı, xalqımızın 30 illik həsrətinə son qoyuldu.
Hazırda qarşıda duran ən əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin həyata keçirilməsidir. Cənab Prezident müharibədən sonra azad olunmuş ərazilərə şəxsən səfər edir, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı öz mesajlarını verir. Vətən müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Başqa sözlə, Xalq-Prezident-Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı.
Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı üçün yeni həyat, yeni tarix başlayır. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımları, terror zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə həm də xalqımızın birliyinin, yenilməz gücünün nümayişi oldu. Müharibə başlayan andan etibarən vəzifəsindən, statusundan, yaşından asılı olmayaraq, hər kəs Vətən uğrunda könüllüyə çevrildi. Ali Baş Komandanın “dəmir yumruğ”una dönərək düşmənin başını əzdi. Döyüşdə oğlu şəhid olan ana-atalar belini bükmədi, başını dik tutub “Vətən sağ olsun!” dedilər…
Bəli, Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun rəşadəti, Vətən uğrunda canlarını fəda etməyə hazır olan mərd oğullarımızın hünəri, xalqımızın həmrəyliyi nəticəsində 44 günlük haqq savaşımız Zəfərə çevrilərək Azərbaycan tarixinin ən şanlı Qələbəsi kimi qızıl hərflərlə əbədi yazıldı.
8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edir. Vətən müharibəsi və onun qələbə ilə başa çatması müasir Azərbaycan dövlətinin həyatının ən parlaq anları kimi, tariximizin bundan sonrakı dönəmlərində daim xüsusi qürur və iftixar hissi ilə xatırlanacaq. Bu, ölkəmizin yeni tarixinin başlanğıcı, yeni inkişaf üfüqlərinin açılması məqamıdır.
Tarix həmişə dəyişir və yeni-yeni səhifələri yazılır. Lakin tarixin parlaq səhifələri heç zaman unudulmur. Əslində tarix bəşəriyyətin, xalqların həyatının ən möhtəşəm, ən yaddaqalan və ictimai inkişafın gedişinə dərindən təsir göstərən hadisələrin xronikasıdır. Vətən müharibəsindəki Zəfər də məhz belə hadisələrdəndir. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm şanlı qələbə və onun müəllifi Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin adı xalqımızın yeni tarixinin ən şərəfli səhifəsinə əbədi həkk olunubdur.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova.