Soyqırımı memorial kompleksi
Soyqırımı memorial kompleksi
Son illərdə 1918-ci il 31 mart soyqırımı Azərbaycanın bəzi ərazilərində 1918-ci il 31 mart soyqırımının sübutu olan kütləvi məzarlıqlar aşkar edilir. Bunlardan biri də 2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıqdır. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yadda¬şının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı əsasında Heydər Əliyev Fondu tərəfindən aşkar edilmiş kütləvi məzarlığın yaxınlığında “Quba Soyqırımı memorial kompleksi” inşa edildi. 2013-cü il 18 sentyabr tarixdə açılan bu muzey-abidə yalnız Quba qırğınlarının deyil, 1918-ci il Azərbaycanın bütün ərazisində azərbaycanlı-müsəlman əhalisinə qarşı erməni milli-hərbi birləşmələri tərəfindən törədilmiş faciələrin bu gün Azərbaycan xalqı tərəfindən unudulmadığının və soyqırımı qurbanların xatirəsinin əziz tutulduğunun bariz nümunəsidir.
Dünyada azsaylı, Azərbaycan üçün isə yeni olan sosial-tarix muzeyində soyqırımdan əvvəl, soyqırımı zamanı və bu hadisələrdən sonra sosial, mədəni və s. sahələrdə əhalinin həyatında baş verən dəyişikliklər haqqında məlumat verilir. Yaşanmış faciənin miqyası, ağırlığı və acılığını memar tərəfindən soyqırımı qurban larının xatirəsinə dərin hörmət əlaməti olaraq heç bir dekorasiyadan və bəzək-düzəkdən istifadə etməmiş, matəm sükutunu təcəssüm etməyə çalışmışdır. Muzeyin görünüşünün yerin altından üzə çıxması tarixin gizlətməyin mümkünsüzlüyü, bıçaqların iti uclu olması isə ürəkləri parçalayan şiddəti bildirir.
Vüqar Rəhimov – Zərdab şəhər sakini, “Qanunla.Az” İnformasiya Agentliyinin Baş redaktor müavini