21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Xalqımızı nicata aparan yol

Xalqımızı nicata aparan yol

Xalqımızı nicata aparan yol

Tarix yazmaq asan, tarixi yaratmaq isə olduqca mürəkkəb bir işdir. Tarix yaratmaq hər liderə nəsib olmur. Bunun üçün öz qətiyyətin ilə mənsub olduğun xalqı arxanca aparmaq, sonunda qalib olmalısan. Məhz belə bir dahi şəxsiyyət Azərbaycan xalqının taleyinə yazılan Heydər Əliyev oldu. Öz siyasi nüfuzu ilə dünya tarixində əbədi iz qoymuş bu şəxsiyyət qeyri- adi zəkası və fitri istedadı ilə Azərbaycanı dünyaya tanıtdı.
Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişi ilə keçmiş SSRİ-də geridə qalmış respublikalardan biri sayılan Azərbaycanın siyasi və mədəni həyatında görünməmiş canlanma, böyük əhəmiyyətli inkişaf baş verdi. Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyinin möhkəm təməli qoyuldu, milli ruh, türkçülük məfkurəsi yüksəlməyə başladı. Lakin sonralar baş verən mühüm hadisələr Ulu Öndərin vəzifədən uzaqlaşdırılması ilə nəticələndi. Azərbaycan xalqının həyatında baş verən hadisələr, o cümlədən 20 Yanvar faciəsi dahi rəhbərin vətənə qayıtmasına səbəb oldu. O, vətənin ağır günlərində xalqa dayaq olaraq biganə qala bilmədi. Müstəqillik addımlarını yenicə atan ölkəmiz təhlükə qarşısında idi. Ölkədə müharibə gedirdi. Nicat yolu isə xalqı bu ağır vəziyyətdən, hərbi – siyasi böhrandan xilas edəcək bir liderin hakimiyyətə gəlməsində idi. 1993 – cü il iyunun 15, respublikanın ən ağır vəziyyətində hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev çox çətin və ən şərəfli bir işi öhdəsinə götürdü. Çox az müddət ərzində hərc- mərclik və özbaşınalığa son qoyan Heydər Əliyevin sülh, insanpərvərlik kimi bəzi bəşəri amillər uğrunda nəcib fəaliyyəti ilə ölkədə keçirilən çoxsahəli islahatlara dəyərli töhfələr verən Ulu Öndər iqtisadi irəliləyişi təmin edərək Ordu quruculuğunun inkişaf etdirilməsində zəmin yaratdı. Bu, düşmən tərəfindən işğal olunan ata – baba torpaqlarımızın geri qaytarılmasında atılacaq ən vacib məsələ idi. Ən önəmlisi Xalq da ordunu öz parçası kimi qəbul etdi, orduya qayğı ümummilli dəyərə çevrildi.

Ümummilli Liderin başladığı müqəddəs işləri şərəflə davam etdirən İlham Əliyev ikinci Qarabağ müharibəsində 44 gün ərzində məhz Ulu Öndərin vəsiyyətini həyətə keçirərək haqq savaşında haqq yolunda qalib oldu.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

15 İyun Milli Qurtuluş Günü

Azərbaycanın ən yeni tarixində xalqımız tərəfindən qeyd olunan mühüm günlərdən biri 15 İyun Milli Qurtuluş Günüdür. Bu gün ən yeni tariximizə Azərbaycanın xilası günü kimi daxil olub.  Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həm strateji, həm də ümummilli baxımdan çox mühüm əhəmiyyət kəsb edən hadisə idi. Heydər Əliyevin 15 iyun 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtması böyük hadisə olmaqla Azərbaycan üçün ciddi nəticələr verdi. Ümummilli liderimizin siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi idi. Bu hadisə nəticə etibarilə müstəqilliyimizin əbədi, dönməz olmasında çox mühüm və əhəmiyyətli rol oynadı. Bu qayıdış milli müstəqilliyimizin əbədiliyinin təminatı demək idi.

Şərəfli və mənalı ömür yolunu müstəqil Azərbaycan dövlətinin qurulmasına, onun dünya ölkələri arasında layiqli yer tutmasına, xalqımızın xoşbəxt və firavan həyat şəraitində yaşamasına həsr etmiş Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətə gələrkən Azərbaycanda total böhran vəziyyəti hökm sürürdü. Cəmiyyətin bütün sahələrində Azərbaycan xalqının maraqlarına uyğun olmayan vəziyyət mövcud idi. Onun hakimiyyətə gəlişindən sonra qısa zaman kəsiyində həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz müstəqilliyinin dönməzliyini təmin etdi, eyni zamanda regionda öz mövqelərini möhkəmləndirdi, sosial, mənəvi və iqtisadi sahələrdə Azərbaycan xalqının maraqlarına uyğun siyasət həyata keçirdi.

Ümummilli Liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük layihələr məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün şüurlu həyatını xalqına və Vətəninə həsr etmiş Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Ulu Öndərin yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb. Ulu Öndərin hakimiyyətə gəlişi Azərbaycanın taleyini kökündən dəyişdi. Heydər Əliyev dövlət müstəqilliyinə qarşı yönəlmiş daxili və xarici təhdidlərin, Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınması üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması istiqamətində mühüm addımlar atdı. O, bazar iqtisadiyyatı münasibətlərinə keçidin səmərəli mexanizmini formalaşdırmaq üçün dünyanın inkişaf etmiş dövlətlərinin iqtisadi təcrübələrini nəzərə almaqla strateji vəzifələr müəyyən etdi, ölkəmizin təhlükəsizliyini və müdafiəsini təmin etmək qabiliyyətinə malik olan Azərbaycan Ordusunun formalaşdırılması yönündə fəal siyasət apardı. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin apardığı uğurlu daxili siyasətin nəticəsində milli-mənəvi dəyərlərin, elm, təhsil, mədəniyyət və incəsənətin inkişafında dönüş mərhələsi başladı.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Müstəqilliyimizin memarı

Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Ümummilli Lider Heydər Əliyevdir. Xalqımız Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi.

İyunun 15-də dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. Azərbaycanın qazandığı bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və cənab Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident cənab İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlar qazanılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyalarının əsasında, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov

 

 

1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi.

1993-cü ilin 15 iyun – Milli Qurtuluş Günü Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa edən Azərbaycanda bir-birini əvəz edən səriştəsiz rəhbərlərin şəxsi maraqlarını dövlət mənafeyindən üstün tutmaları ölkədə xaosun yaranmasına, özbaşınalığın hökm sürməsinə, real vətəndaş qarşıdurmasına səbəb olmuşdu.  1993-cü ilin əvvəllərindən ölkədə vətəndaş müharibəsinə zəmin yaranması, bölgələrimizdə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın müstəqilliyinə, bir dövlət kimi varlığına son qoyulması ilə nəticələnə bilərdi. Ölkədə bütün sahələrdə böhran hökm sürürdü. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan müstəqilliyini itirmək təhlükəsindən qorudu. Ulu öndərin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskarlıq missiyasını yerinə yetirməsi parçalanmaq, dağılmaq təhlükəsi ilə qarşı-qarşıya duran Azərbaycanı xalqa qaytardı. Azərbaycanın inkişafı, müstəqilliyi və gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan, ona arxa və dayaq olan Ümummilli lider Heydər Əliyevin uzaqgörən, praqmatik siyasəti nəticəsində ölkəmizin dövlətçilik tarixinin şanlı qürur səhifəsi yazıldı. Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Gününə bağlı oldu.

Ulu öndərin hakimiyyətə tarixi qayıdışından sonra Azərbaycanda böyük qurtuluşa doğru mühüm addımlar atıldı. Həmin qarışıq dövrdə dahi şəxsiyyət Heydər Əliyevin yüksək idarəçilik məharəti, siyasi uzaqgörənlik və sarsılmaz qətiyyəti vətəndaş müharibəsinin qarşısını aldı. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində də dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başladı. Ulu öndərin gərgin əməyi nəticəsində hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradıldı. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı.

Ulu öndərin memarı və qurucusu olduğu müstəqil Azərbaycanın müstəqilliyi bu gün etibarlı əllərdədir. Azərbaycanın sürətli inkişaf dövrü məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə gəlişi ilə başlayıb və bu gün Prezident cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Prezident cənab İlham Əliyevin ötən illər ərzində həyata keçirdiyi uğurlu siyasətin bariz nəticəsi Azərbaycanın 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevrilməsi və ərazi bütövlüyümüzün birmənalı təsdiqi ilə özünü ifadə edir. İllərdir torpaqlarının 20 faizi düşmən tapdağı altında qalan Azərbaycan “Qarabağ Azərbaycandır!” reallığını cəmi 44 gün ərzində tarixə şərəflə həkk etdirdi. 44 günlük Vətən müharibəsi xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu, Ali Baş Komandan İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi.

Əlbəttə ki, qazanılan hər bir uğurun, o cümlədən möhtəşəm Qarabağ Zəfərinin kökündə Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt dayanır.

Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

 

 

15 İyun Milli Qurtuluş Günü

Hər tarixi gün dövlətçiliklə bağlı olur. Ona görə də tarixi gün deyəndə dövlətçilik günü anlaşılır. Bu baxımdan xalqımızın tarixində tarixləşən günlər çox olub. O günləri tarixi şəxsiyyətlər tarixləşdirib. Belə tarixi şəxsiyyətlər tarixin axarını xalqın sabahlarına istiqamətləndirir. Bu, inkişaf deməkdir, bu, tərəqqi deməkdir.

Xalqımızın tarixində belə günlər çox olub. Belə günlərdə xalqın gələcək müqəddəratını müəyyən edən mühüm başlanğıcların əsası qoyulur. Belə başlanğıclardan biri 1993-cü ilin 15 iyunudur. Tarixə Milli Qurtuluş Günü kimi yazılan gün. Niyə ona Milli Qurtuluş Günü deyirik? Ona görə ki, həmin gün Azərbaycan dövlətçiliyi xilas edildi. Ona görə ki, Azərbaycanın sabahlarını tarixin burulğanına atmaq istəyənlərin niyyəti baş tutmadı…

Milli Qurtuluş Günü kimi tarixləşən 15 iyun adi gün deyil. 15 iyun böyük tarixi əhəmiyyətə malik olan gündür. 15 iyun Azərbaycanın dövlətçilik tarixində yaşadılacaq gündür.

Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Bu, Azərbaycanın dövlətçiliyini təhlükə qarşısında qoymuşdu. Separatçılar dövləti parçalamağa çalışırdı. Milli qarşıdurma yaranmışdı. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Bu, bütün xalqın yeganə qərarı idi, bu qərar xalqın dövlətçilik andı idi. Onda xalq ciddi təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Bu, dövlətçiliyin xilası baxımından yeganə çıxış yolu idi. Xalq müdrik rəhbəri Azərbaycan dövlətçiliyini xilas etməyə dəvət edirdi.

Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu öndər Heydər Əliyev xalqın qurtuluşu missiyasını yerinə yetirməyə başladı. Bu, həm də tarixi cəsarət idi.

Ulu öndərin hakimiyyətə qayıdışı ilə ölkədə uzun illər davam edən gərginlik, milli qarşıdurma aradan qaldırıldı, dövlətçiliyimiz xilas edildi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. Ona görə də 15 iyun gününə Milli Qurtuluş Günü deyildi. Bu gün həmin adla yaşadılır, həmin adla yaşayacaq.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

 

Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi.

Azərbaycan xalqı 15 iyun gününü əziz bayram kimi qeyd etməklə yanaşı, Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Ötən illərdə Ümummilli liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmişdir. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradə sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə tarixin siyasi, həm də iqtisadi möcüzəsi idi.

15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirdi. 15 iyun – Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi”.

Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılıb. Bu, böyük tarixi şəxsiyyət Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsidir.

Azərbaycan Respublikasının milli qurtuluş yolu davam edir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir. Heydər Əliyevin özü vaxtilə müdrikcəsinə demişdir: “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz”. Bu inam, bu qətiyyət Milli Qurtuluş Gününün mahiyyətindədir.

Dünya siyasətçiləri də etiraf edir ki bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

 

Ulu Öndər andına sadiq qaldı

Bu gün hər kəs, istər müstəqil Azərbaycanın vətəndaşları, istərsə də bütün dünyada yaşayan azərbaycanlılar yaxşı bilir ki, Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycanın dövlətçilik tarixində ən parlaq simadır. Azərbaycan xalqının qəlbində əbədiyaşar yerə sahib, hələ sağlığında Ümummilli Lider statusunu qazanan, Ulu Öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşüb. Bəli, hər kəsin bildiyi və qəbul etdiyi, bəzilərinin istəməsə belə qəbul etməyə məcbur olduğu yenilməz bir həqiqət var ki, bu, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı, onun müəyyən etdiyi ideoloji xəttin müasir dövlətimizin parlaq gələcəyinin təminatçısı olmasıdır. Azərbaycan tarixində silinməz izlər qoymuş dahi şəxsiyyətin biz azərbaycanlılara bəxş etdiyi saysız-hesabsız tarixi günlər vardır ki, xalqımız bu gün həmin tarixləri əsl bayram kimi qeyd edərək dahi şəxsiyyəti böyük hörmət və ehtiramla anır.

Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 30 il ötür. Bu o tarixdir ki, həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilməsi üçün əsaslı sütunlar yarandı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü aydın göstərir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş və qətiyyətli siyasəti sayəsində Azərbaycanın əldə etdiyi uğur və nailiyyətlər onu söyləməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil dövlət əmin əllərdədir. Demokratik dövlətdə siyasət xalq naminə və xalqın vasitəsilə həyata keçirilir. Ən əsası da necə ki, Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, özümüzə inamımızı dirçəltdi, milli şüuru oyatdı, eləcə də ölkə başçısı həmin inamın davamlı olmasını gördüyü işlərlə təmin edir.
Bu gün – 30 il sonra əminliklə deyə bilərik ki, respublikamızın tarixində Heydər Əliyevin şəxsiyyəti həlledici rol oynayıb və zaman keçdikcə, dövlətimiz inkişaf edib müstəqilliyini möhkəmləndirdikcə Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti və dəyəri daha da aydın dərk olunacaq. İllər ötsə belə Azərbaycan xalqı 15 iyun tarixini yenə də qürur və şərəf günü kimi qəbul edəcək. O tarixi bizlərə bəxş edən dahi insanı eyni sevgi, hörmət və ehtiramla xatırlayacaqdır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

Müstəqilliyimizin memarı

Tarix dəfələrlə sübut edib ki, bir xalqın mövcudiyyəti onun həmrəyliyindən və bu həmrəyliyi təmin edən liderlərin dövrün məsuliyyətini öz üzərlərinə götürərək tarixi yenidən yazmaq bacarığından irəli gəlir. Bu mənada Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, Heydər Əliyev kimi dahi şəxsiyyət Azərbaycanı tarixin ən çətin sınaqlarından  çıxarmaqla onun mövcudluğunu əbədi etmişdir. Təsadüfi deyil ki, fərqli ictimai-siyasi dövrlərdə belə, mənsub olduğu xalqın xoşbəxtliyi üçün yorulmadan çalışan Ulu Öndər Heydər Əliyevin adı dünyanın axarını dəyişən böyük tarixi şəxsiyyətlərlə bir sırada çəkilir. Onun qeyri-adi siyasi bacarığı və böyüklüyü hər kəs tərəfindən etiraf olunur.

Görkəmli dövlət xadiminin milli kadrların formalaşdırılması istiqamətində gördüyü işlər də xalqımızın gələcək müstəqilliyinə hədəflənmiş, milli özünüdərkin əsası qoyulmuşdur. Bu dövrdə təkcə iqtisadi sahədə deyil, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrinə də böyük qayğı göstərilmişdir. Xüsusilə gələcək müstəqil Azərbaycanın əsas dayağına və qarantına çevriləcək milli ordu quruculuğu siyasəti ön planda olmuşdur.

1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması, azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir.

Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Cəmiyyətdə elə bir ümumi fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.

Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zəmanəmizin əbədiyaşar dahisinə çevrilib.

Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr inkişaf və sabitlik illəri kimi yadda qalıb. Bu gün isə Ümummilli Liderin layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib.

Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsidir. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib.

Prezident cənab İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

Dövlət və xalq naminə fədakarlıq.

Hər bir xalqın taleyində mühüm əhəmiyyət kəsb edən elə məqamlar var ki, həmin günlərdə onun gələcək müqəddəratını müəyyən edən mühüm başlanğıcların əsası qoyulmuşdur. Azərbaycan xalqının tarixində belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə hədəfə aldı.

Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yenicə müstəqilliyə qədəm qoymuş dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
Gəncə şəhərində baş vermiş 1993-cü il 4 iyun hadisələri bu sonluğun kulminasiya nöqtəsi oldu. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycanın xalqı xilasını yalniz Heydər Əliyevin simasinda görürdü. Çünki bu böyük insan ümumxalq inamını, etibarını artıq o zamanadək xalqına sədaqətli, şərəfli xidməti ilə qazanmışdı.

Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu günbəgün artır. Ötən 30  ildə siyasi, iqtisadi, sosial sahədə əldə etdiyi yüksək nailiyyətləri, dövlətçilik prinsiplərinin demokratik əsaslar üzrə inkişaf etdirilməsi ilə    Azərbaycan öz varlığını bütün dünyaya təsdiq etdi. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəni parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir. Dahi Şəxsiyyət Heydər Əliyevin öz milləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra onun iqtisadi-siyasi kursunu davam etdirə biləcək İlham Əliyev kimi layiqli varis yetişdirməsidir. Onun rəhbərliyi ilə Azərbaycan dünyada böyük nüfuza, iqtisadi gücə malik ölkə kimi tanınır. Ölkəmiz iqtisadi artım tempinə görə dünya ölkələri sırasında lider mövqedədir. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, – deyən cənab İlham Əliyev, doğrudan da, hər bir azərbaycanlının Prezidenti oldu.
Cənab Prezident İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk gündən vurğulayıb ki, Azərbaycanda Heydər Əliyev siyasi-iqtisadi inkişaf kursu davam etdiriləcək. Çünki bu kursa alternativ yoxdur, bu kurs yüksək inkişaf və tərəqqi yoludur. Bu gün fəxrlə qeyd edirik ki, Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş uğurların miqyası olduqca böyükdür. Bu gün Azərbaycan xalqı öz taleyinin və milli sərvətinin sahibidir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı  Dilarə Hacıyeva

 

 

Müstəqilliyin ilk illərində Azərbaycanda yaşanan acınacaqlı mənzərə

Azərbaycan tarixinin qara səhifələri, milli dövlətçiliyimizin sınağa çəkilən anları, xalqımızın ağrı-acılar, məhrumiyyətlər içərisində yaşadığı günlər çox olub. Ancaq 1993-cü ilin iyun ayının əvvəllərində öz kuliminasiya nöqtəsinə çatmış hakimiyyət böhranı, siyasi böhran milli tariximizin ən ağır səhifələrindən biri idi. Çünki həmin günlər Azərbaycan öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə idi. Həmin günlər xalqımız qardaş qanı tökmək üçün hazırlanmışdı. Azərbaycan xanlıqlara parçalanmanın bir addımlığında idi. Bütün bunları ssenari kimi ardcıllıqla hazırlayan bədxahlarımız idi. XX əsrin əvvəllərindəki regional siyasi xaosdan bəhrələnən ermənilər Azərbaycan ərazisində öz dövlətlərini yaratmağa nail olmuş, xarici ölkələrin təzyiqi altında qədim Azərbaycan şəhəri olan İrəvanı özlərinə paytaxt elan etmişdilər. Həmin uğurun sevincini 70 il yaşayan düşmənlər əsrin sonundakı siyasi böhrandan da maksimum şəkildə bəhrələnməyə çalışırdılar. Bu məqsədlə xüsusi hazırlanmış planlar həyata keçirilir, torpaqlarımız kənd-kənd, rayon-rayon işğal edilirdi. Üçüncü, ən müdhiş səbəb isə ondan ibarət idi ki, Azərbaycanın dövlət müstəqilliyinə qənim kəsilən xarici siyasi qüvvələr öz içimizdəki siyasi diletantlardan istifadə edirdilər. Bu üç amil Azərbaycanın dövlət müstəqilliyini real təhlükə altında qoymuşdu. Nəticə isə çox ağır idi.

Müstəqilliyimizin əldən verilməsi üçün qurulan siyasi tələlər, işğalçı dövlətin təcavüzkarlığının gündən-günə genişlənməsi və siyasətdən qətiyyən xəbəri olmayan insanların siyasi hakimiyyətin müxtəlif strukturlarına doluşaraq ölkədə at oynatması öz dəhşətli nəticələrini çox tez bir zamanda göstərdi. Ölkəmiz beynəlxalq aləmdən iti sürətlə təcrid olunmağa başladı.

9 iyun 1993-cü il müstəqil Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanğıcı oldu, parlaq bir səhifə açdı.

Gəncliyə Dəstək İctimai Birliyinin sədri Vəfa Xəlilli

 

 

Yeganə çıxış yolu

1993-cü ildə, dövlət idarəçiliyindəki kobud səhvlərin məntiqi nəticəsi olaraq ağır sosial-iqtisadi gərginliyin pik həddinə çatdığı, ölkənin vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı, cəbhədə torpaqlarımızın itirildiyi, bir sözlə, Azərbaycanın dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xalqımızın böyük oğlu Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki ölkədəki hərc-mərcliyin, itaətsizliyin, anarxiyanın, siyasi çəkişmələrin, Gəncədə başlanmış qardaş qırğınının, hərbi xəyanətin, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünün qarşısını yalnız o böyük insan ala bilərdi. O zaman vəziyyəti düzgün qiymətləndirən xalqın qərarı Bakıya – ölkə rəhbərliyinə Heydər Əliyevin gəlməsi idi. Bu məqsədlə Naxçıvana, Ulu öndərin ünvanına yüzlərlə məktub, teleqram göndərilirdi. Heydər Əliyevə ünvanlanan müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildi. Bu, həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalq qərarı idi. Ölkəyə rəhbərlik edən qüvvələr Azərbaycanı saldıqları girdabdan xilas etmək üçün Heydər Əliyevin Bakıya gəlməsini arzulayırdılar. İflasa uğradıqları ilə barışmalı olan cəbhəçilər vəziyyətdən çıxış yolunu xalqın istəyi ilə razılaşaraq Heydər Əliyevin Bakıya dəvət edilməsində görürdülər.

İlk növbədə tarixi Azərbaycan torpaqlarında yeni bir separatçı hərəkatın başlanması, silahlı qarşıdurmanın yaranması Azərbaycanın inkişafına maneə törədəcəkdi. Separatçı qüvvələri dəstəkləyən, onları maliyyə və silahla təmin edən həmin xarici qüvvələr isə Ulu Öndər Heydər Əliyevin siyasi bacarığına yaxından bələd idilər. Onlar bilirdilər ki, Azərbaycanda siyasi sabitliyin yaranması qısa müddət ərzində yeni inkişaf konsepsiyasının hazırlanmasına və Azərbaycanın qüdrətlənməsinə yol açacaq. Məhz bunun qarşısını almaq üçün onlar hər vasitədən istifadə edir, AXC-Müsavat hakimiyyətinin etnik ayrı-seçkiliyi özündə əks etdirən bəyanatlarından ustalıqla istifadə edirdilər. AXC-Müsavat cütlüyünün hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə yadda qaldı. 1993-cü ildə Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalanda xalq xilas yolunu axtardı. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya qayıdan Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxardı. Vətəndaş qarşıdurmasının dayandırılması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin xilası bu tarixdən başlandı.

Zərdab şəhər sakini fəal gənc Kəmalə Xəlilli

 

Xalqımızı nicata aparan yol

Xalqımız düzgün seçim etdi – Ulu Öndəri köməyə çağırdı. Vətənin və xalqın ağır vəziyyətinə biganə qala bilməyən Heydər Əliyev iyunun 9-da Bakıya gəldi. Müdrik qərarları, qətiyyətli addımları ilə ölkəmizi siyasi böhrandan və vətəndaş qarşıdurmasından xilas etdi.

İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin vaxtdan ölkə həyatının bütün sahələrində dönüş başladı və bu, tariximizə Milli Qurtuluş Günü kimi yazıldı. Oktyabrın 3-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış edərək Ali Sovetin Sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özünün əsas vəzifələrindən biri hesab etdiyini bildirdi.

Ulu Öndər Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi. Eyni zamanda Azərbaycanın indiki sürətli inkişafının strategiyası, bütün sahələrdə həyata keçirilən köklü islahatlar da öz başlanğıcını Milli Qurtuluşdan götürdü.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi.

Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident cənab İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində böyük iqtisadi uğurlara imza atılıb.

Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi düşüb.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın