20 sentyabrda biz suverenliyimizi artıq bərpa etmişik
20 sentyabrda biz suverenliyimizi artıq bərpa etmişik.
Bu gün Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin bərqərar olmasıdır. Azərbaycan bunu ən yüksək səviyyədə bəyan edir.
Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında yenidən bu mövzuya qayıdan Prezident İlham Əliyev bildirib: “Bizim ərazi bütövlüyümüzü bərpa etmə təcrübəmiz çox misilsiz və unikal bir hadisədir. Biz münaqişəyə son qoyduq. O münaqişənin həll edilməsi nəticəsində biz ləyaqətimizi qoruduq, beynəlxalq hüququ bərpa etdik. Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik. Bu bizim fikrimizdir. Əməkdaşlıq, birgə mənfəət götürülməsi, qarşılıqlı fayda – bu gün biz bunların hamısını nümayiş etdiririk”.
Qeyd edək ki, dövlət başçısı Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı da bu məsələni diqqət mərkəzinə gətirmişdi: “Sentyabrın 20-dən sonra artıq zaman yetişib ki, bizim nümayəndələr əyləşsin və sülh sazişinin layihəsi üzərində işləsin. 20 sentyabrda biz suverenliyimizi artıq bərpa etmişik. Bundan sonra da sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır. Bununla yanaşı, təbii ki, gərək sərhədlərin delimitasiyası üzərində fəal surətdə çalışaq və uzun müddət sürən bu qarşıdurmaya son qoyaq. Azərbaycanda biz sülh istəyirik. Zəngilanda bu gün gördükləriniz onu sübut edir ki, biz sülh istəyirik, biz bu əraziləri bərpa etmək istəyirik, soydaşlarımızı vətəninə qaytarmaq istəyirik. Biz Qafqazda sülh və sabitlik istəyirik. Bu, mümkündür və seçim Ermənistanındır”. Ekspertlər qeyd edir ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra regionda və bölgədə yeni reallıqlar yaratdı və postmünaqişə dövründə diqtə edən dövlət kimi böyük nüfuz və güc sahibidir.Azərbaycan qalib tərəf kimi bu gün də sülhün tərəfdarıdır və bu istiqamətdə müəyyən addımlar atılıb. Amma xoş niyyət, humanistlik birtərəfli olmalı deyil. Yaxşı nəticələr yalnız o halda mümkündür ki, bu addımlara qarşılıq verilsin. Lakin görünən odur ki, Ermənistan Azərbaycanın düşmənçiliyin aradan qaldırılması, inamın gücləndirilməsi istiqamətindəki addımlarına qarşılıq vermir. Halbuki, müharibəni bitirmiş mühüm razılaşmaların həyata keçirilməsi məhz qarşılıqlı güzəştlərdən, həqiqi səylərdən asılıdır. Ölkəmizin yürütdüyü siyasət regionda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşdırılmasını nəzərdə tutur. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində siyasi iradə nümayiş etdirib, çoxsaylı təşəbbüs və təkliflərlə çıxış edib. Lakin qeyd olunduğu kimi, Ermənistan tərəfi müxtəlif manevrlərlə prosesi ləngitməyə çalışır.
Xatırladaq ki, daha əvvəl Praqada qəbul olunmuş bəyanatda Ermənistan və Azərbaycanın BMT nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdığı təsbit olunub. Bu, əslində uzun müddətdir Ermənistanın müxtəlif bəhanələrlə yayınmağa çalışdığı prinsipial məsələlərdən biridir. Suverenliyin, ərazi bütövlüyünün, beynəlxalq sərhədlərin toxunulmazlığının və bir-birinin siyasi müstəqilliyinin qarşılıqlı tanınması ilə bağlı müddəa Azərbaycanın sülh prosesinə başlamaq üçün irəli sürdüyü 5 baza prinsipindən biridir. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır. Cənubi Qafqazda sülh və inkişaf dövrünün başlanması üçün kifayət qədər əlverişli imkan yaranıb. Azərbaycan bu imkanı düzgün dəyərləndirməyi və regionun tarixində yeni bir səhifə açmağı təklif edir. Azərbaycan öz ərazilərini işğaldan azad etməklə yalnız ədaləti bərpa etməyib, Cənubi Qafqazda sülh, sabitlik və inkişafa geniş yol açan yeni reallıq yaradıb. Rəsmi Bakı hesab edir ki, Azərbaycan və Ermənistanın sülh şəraitində yaşamasına alternativ yoxdur. Bu fonda Azərbaycan Ermənistandan siyasətini yeni geosiyasi reallığa uyğunlaşdırmağı gözləyir. Digər tərəfdən, ekspertlərə görə, mühüm bir məsələ də regionda davamlı sülhün bərqərar olması üçün beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq göstərərək onu Azərbaycanla sülh müqaviləsi bağlamağa təşviq etməsidir. Çünki hazırkı vəziyyətdə bu, regionda hadisələrin gələcək inkişafının istiqamətlərinin formalaşması baxımından olduqca vacibdir. Azərbaycan regionda əməkdaşlıqda, kommunikasiyaların açılmasında və sülhün bərqərar olmasında maraqlıdır. Şübhəsiz ki, dünya Cənubi Qafqazda sülh istəyirsə, ermənilər yeni reallıqdan bəhrələnmək istəyirlərsə, Azərbaycanın sülh təkliflərini dəstəkləməlidirlər.
Samir Talıbov
Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı