20 oktyabr Zəngilan şəhəri günüdür
20 oktyabr Zəngilan şəhəri günüdür
Sanki dünən olmuş kimi hər birimiz yaxşı xatırlayırıq həmin tarixi günləri; Ali Baş Komandan cənab İlham Əliyev televiziya qarşısında qürurla dayanıb, “dəmir yumruğ”un iradəsindən, tarixi ədalətin təqdirindən, müzəffər Ordumuzun şücaətindən ürəkdolusu danışır. Hər kəlməsi, 30 ildir sağalmayan yaralara məlhəm, qubar bağlamış qəlblərə şəfa verir, bizləri sevindirdiyi kimi, ordumuza ruh yüksəkliyi, o taylı, bu taylı arzusu, niyyəti bir olan soydaşlarımıza inam verir, əmin-amanlıq bəxş edir. İllərdir ki, gözü yollarda qalan, öz ata-baba yurdlarından zorla didərgin salınan soydaşlarımızın ümid dolu baxışları isə gələcək xoş xəbərlərə zillənib. Düşmənin təxribatlarına, məkrli niyyətlərinə, xalqımızın mübarizə əzmini qırmaq üçün dinc əhaliyə etdikləri cılız, insanlığa sığmayan terror aktlarına fikir vermədən, sarsılmadan irəliləyir, ordumuzla həmrəy olub Böyük Zəfərə doğru yol alırıq…
Unudulmaz, sevincli, qürurlu tarixlərdən biri idi 20 oktyabr… Hər kəs cəbhədən gələn xoş xəbərləri gözləyirdi. Üçrəngli Azərbaycan Bayrağı bu dəfə də Zəngilan şəhərində dalğalanmaq üçün tələsirdi… 20 oktyabr! Zəngilanlıların sanki həyata yenidən qayıtdığı, yenidən doğulub kamala çatdığı təqvimdir bu. Çünki bu tarix 30 ilə yaxındır, “azad Zəngilan” sözlərinə təşnə olan soydaşlarımıza, zəngilanlılara yenidən ruh verib, arzularına çatdıran, ümidləri, həsrətləri, vüsalları bir quş qanadında Xaliq dərgahına çıxaran günün çatdığının müjdəçisidir. Üç il bundan öncə bu gün zəngilanlıların illərdir gözlədikləri xəbər ölkə başçısı cənab İlham Əliyev tərəfindən bütün dünyaya bəyan edildi: “Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan bizimdir! Qarabağ bizimdir!”
Bu gün böyük qürur hissi keçiririk ki, qədim yurdumuz – Zəngilanda da artıq şanlı, məsud üçrəngli bayrağımız dalğalanır. Rənglərini şəhidlərimizin canından, qanından alan bayrağımız… Bu gün xalqımız şaddır, firavandır ki, min illərboyu ata-babalarımıza isti qucaq, doğma ocaq olan bu məmləkətimiz hər ötən il daha da inkişaf edir, müasirləşir, erməni vandallarının vurduğu yaralar sağalır, ümidlər, arzular dirçəlir. Elə xatırlayaq separatçılardan təmizləndikdən sonra Zəngilan şəhərinə Ali Baş Komandan cənab İlham Əliyevin etdiyi tarixi, yaddaqalan səfərləri. Hansı ki, bu səfərlərin hər birində qərara alınan layihələr, icra olunan plan-proqramlar, böyük amallara hesablanmış qərarlar Vətənimizin nurlu gələcəyini təmin edən addımlar idi.
Ordumuzun əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsinin yenicə sona çatdığı bir zamanda, Ali Baş Komandan 2020-ci il dekabr ayının 23-də Qubadlı və Zəngilan rayonlarına səfər etdi. 30 ildən sonra Qarabağın dilbər guşələri bu səfərlə qalib sərkərdəsini, qalib rəhbərini tanıdı…Səfər zamanı ölkə başçısı bir neçə kəndləri, yaşayış məntəqələrini ziyarət etdi, düşmənlərin dağıdıb, tar-mar etdiyi Zəngilan rayonu ilə bağlı öz təəssüratlarını sosial şəbəkələrdə həmvətənləri ilə bölüşdü.
…Artıq üç il ötür o tarixi gündən, Zəngilan üçün Zəfər zənginin çalındığı həmin təqvimdən. Zəngilan! Müstəqilliyin daimi, Vətənin Azərbaycanla keçirdiyin xoş günlərin əbədi olsun, deyirəm!
Gülnarə Əhədova.
Saatlı rayonu Sarıcalar kənd ümumi orta məktəbin direktoru