Azərbaycan dünya dövlətləri arasında böyük hörmət və nüfuz qazanıb!
Cənab Prezident İlham Əliyevin artıq ikinci dəfədir ki, Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşünə dəvət olunması ölkəmizin beynəlxalq təşkilatlardakı nüfuzunun göstəricisidir. Azərbaycanla ŞƏT, habelə təşkilata üzv olan ölkələrlə ikitərəfli əlaqələr inkişaf etməkdədir. Ölkəmizin ŞƏT-ə üzv dövlətlər ilə yüksək səviyyəli ikitərəfli münasibətlər qurması təşkilatla əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini verməklə yanaşı, Azərbaycanın regional güc kimi dəstək qazanmasını da şərtləndirir. Eyni zamanda 9 il əvvəl 2015-ci ildə ŞƏT-ə üzv dövlətlərin başçıları Şurasının iclasında Azərbaycana tərəfdaş statusun verilməsi ilə bağlı qərar qəbul edilib. 2022-ci ildə isə ŞƏT-in Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə Görüşündə cənab Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edib. Ümumiyyətlə, Azərbaycanın son illər beynəlxalq arenadan artan nüfuzu, həmçinin Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi ölkəmizin ŞƏT üçün əhəmiyyətini daha da artırıb. Azərbaycan da həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahəsində daha mühüm rol oynamağa başlayan ŞƏT ilə daha sıx əməkdaşlıqda maraqlıdır. Azərbaycan-ŞƏT əməkdaşlığı hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edir və iqtisadi tərəfdaşlıq, nəqliyyat əlaqələri, terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı, sivilizasiyalararası dialoqun təşviqi kimi sahələri əhatə edir. ŞƏT ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib bir platformadır. Cənab Prezident İlham Əliyevin zirvə görüşlərində iştirakı və etdiyi çıxışlar ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasını təmin edir.
Məlumdur ki, hazırda dünyanın ən böyük beynəlxalq tədbirlərindən olan COP29-a hazırlıq çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatı ilə ölkəmiz arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində saxlanılır. Astana zirvə görüşü Azərbaycan üçün təşkilat ilə əməkdaşlığın daha geniş sahələri əhatə etməklə, gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət daşıyacaq. Bütün bunlar Azərbaycanın xarici siyasətinin, uğurlu çoxtərəfli və ikitərəfli diplomatiyasının təzahürüdür. Azərbaycanın COP29-a sədrliyi ölkənin qlobal səviyyədə siyasət yürüdən ölkə olduğunu, qlobal aktor olduğunu və dünyanın aparıcı ölkələrinin Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduqlarını göstərir. Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 10 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran və Belarusiya), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib.
Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Xatırladaq ki, hazırda ŞƏT-ə Qazaxıstan sədrlik edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ŞƏT-in Astanadakı Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iştirak edir. Qürurverici haldır ki, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada Azərbaycanın növbəti dəfə iştirakı ölkəmizin gündəliyinin irəlilədilməsi, eləcə də regional proseslərdə iştirak və verilən qərarlarda söz sahibi olma baxımından çox önəmlidir. Azərbaycanın bu Sammitdə iştirakı ölkəmizin multilateralizmə verdiyi önəmin göstəricisidir. Azərbaycan ŞƏT-in demək olar ki, bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir. Təsadüfi deyil ki, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min bu ilin fevralında Bakıda cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən ölkəmizin ŞƏT-in fəal tərəfdaşlarından biri olduğunu və Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına əhəmiyyət verdiklərini bildirib. Beləliklə, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı kimi mötəbər qurumun Sammitində növbəti dəfə iştirakı dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiramın göstəricisidir. Azərbaycanın bu tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasının əyani təsdiqi sayıla bilər.
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri
Elşən Əzizov