25.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Önəmli əməkdaşlıq istiqamətlərindən biri təhsil sahəsidir

Önəmli əməkdaşlıq istiqamətlərindən biri təhsil sahəsidir

Önəmli əməkdaşlıq istiqamətlərindən biri təhsil sahəsidir.

Azərbaycan təhsilində olan bugünkü problemlərin aradan qaldırılması, inkişaf etdirilməsi, yeni, müasir vasitəslərin təhsildə tətbiqi üçün ölkəmizin bu istiqamətdə beynəlxalq əməkdaşlığa geniş yer verməsi vacibdir. Hazırda Azərbaycanda tələbələrin, şagirdlərin, gənc mütəxəssislərin beynəlxalq mübadiləsi ilə yanaşı, digər istiqamətlərdə də əməkdaşlıqlar genişləndirilməkdədir.

Azərbaycan mütəxəssislərinin dünyanın ən qabaqcıl ölkələrində təhsil almaları, müəyyən kurslar keçmələri ölkə gənclərinin təhsilində – öyrənməkdə olan gənc nəslin bilik və savadlılığında özünün müsbət təsirini açıq şəkildə göstərməkdədir.

Təhsildə beynəlxalq əməkdaşlıq respublikamızda həm orta təhsilin, həm də ali təhsilin keyfiyyətini artırmaqla yanaşı, dövlət və özəl idarələrin də savadlı və bacarıqlı kadrlarla təmin edilməsinə şərait yaradır.

Hazırda Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Azərbaycanın təhsil müəssisələri YUNESKO, YUNİSEF, YUNEVOK, İSESKO, Avropa Təhsil Fondu, Avropa Şurası və Avropa Birliyi kimi nüfuzlu beynəlxalq təşkilatların təhsil problemləri ilə məşğul olan qurumlarının işində fəal iştirak edir.

Azərbaycan Elm və Təhsil Nazirliyi ölkəmizin savadlı gənclərinin dünyanın ən qabaqcıl təhsil sistemi olan ölkələrdə təhsil almalarını həm dövlət, həm də özəl üsullarla təmin edir.

Hazırda hər il dövlət xətti ilə Azərbaycan gəncləri partnyor ölkələrin təqaüd proqramları hesabına Rusiya, Çin, Misir, Çexiya, Slovakiya kimi ölkələrdə təhsil almağa göndərilirlər. Beynəlxalq əməkdaşlıq çərçivəsində yalnız Azərbaycan gəncləri xaricdə deyil, dünyanın müxtəlif ölkələrindən olan tələbələr də ölkəmizə gələrək, burada təhsil alırlar. Bu isə Azərbaycanda təhsilin səviyyəsinin gündən-günə daha da inkişaf etməsindən xəbər verir.  Əgər əvvəllər Azərbaycanın təshil sənədləri dünya ölkələrində çox az tanınırdısa, hazırda demək olar ki, dünyanın bütün ölkələrində Azərbaycanın təhsil sənədləri tanınır.

Hazırda Azərbaycanda beynəlxalq təhsil-mübadilə təşkilatları və onların həyata keçirdiyi proqramlar fəaliyyət göstərirlər. Bunlardan ABŞ-ın ACCELS (Amerika Təhsil Şurası), IREX, World Learning, Böyük Britaniyanın British Counsil, Almaniyanın DAAD təşkilatlarının Bakıdakı nümayəndəliklərini göstərmək olar. Onlarla yanaşı, Fransa, İtaliya, Yaponiya, Yunanıstan, Misir, Polşa və s. ölkələrin Bakıdakı səfirlikləri tərəfindən təqaüd proqramları elan olunur.

Bütün bunlarla yanaşı, Azərbaycan orta məktəb təhsili sahəsində də uğurlu beynəlxalq əməkdaşlıqlara imza atır. Belə ki, dünyanın ən qabaqcıl təhsil sisteminə malik ölkələri öz şagirdlərini Azərbaycanda ənənəvi olaraq təşkil olunan orta məktəb şagirdləri arasında beynəlxalq olimpiadalara göndərirlər. Xarici ölkə nümayəndləri ölkəmizdə təşkil olunmuş bu olimpiadaların yüksək səviyyəli olduqlarını, belə tədbirlərin şagirdlərin təhsil həyatında önəmli olduğunu qeyd edirlər.

Qürur hissi ilə qeyd etmək olar ki, Azərbaycanın da artıq bəzi xarici ölkələrdə təhsil ocaqları var. Həmçinin, bəzi xarici ölkələrin ali məktəblərində Azərbaycanşünaslıq və Azərbaycan dili ixtisasları da mövcuddur. Beynəlxalq əməkdaşlıq ölkənin təhsilinə ancaq yenilik, novatorluq, inkişaf gətirir və Azərbaycan da bu inkişafdan kənarda qalmayaraq, daim daha yüksəklərə can atır.

Azərbaycanla İtaliya arasında əlaqələr son illər sürətlə inkişaf etməkdədir və siyasi dialoq olduqca fəaldır. İkitərəfli əlaqələrdə önəmli əməkdaşlıq istiqamətlərindən biri təhsil sahəsidir. Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universitetinin tərəfdaşıdır. Bunlar Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetidir. Bu əməkdaşlıq ölkələrimiz arasında ikitərəfli münasibətləri daha da möhkəmləndirəcək, Azərbaycan təhsilinin inkişafına töhfə verəcəkdir.

Nicat Əhmədzadə

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın