1941-ci il iyunun 22-də sovet xalqları, o cümlədən Azərbaycan da İkinci Dünya müharibəsinə qatılmış oldu
1941-ci il iyunun 22-də sovet xalqları, o cümlədən Azərbaycan da İkinci Dünya müharibəsinə qatılmış oldu
“1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, – bu xalqımız üçün böyük faciə və böyük ədalətsizlik idi. Azərbaycanlılar öz tarixi torpaqlarından Azərbaycanın Mil-Muğan zonasına zorla köçürülmüşdür. Bu o Azərbaycana qarşı bu edildi ki, İkinci Dünya müharibəsində 300 min Azərbaycan övladı müharibəyə getdi, qayıtmadı. O Azərbaycan ki, İkinci Dünya müharibəsində Sovet Ordusunun yanacağının 90 faizini verirdi. Əgər Azərbaycan olmasaydı, Azərbaycan nefti olmasaydı, Sovet İttifaqı müharibədə qələbə qazana bilməzdi və 3-4 il bundan sonra xalqımıza qarşı bu ədalətsizlik hansı mənəviyyata sığır? Bu, tarixdir. Bu tarixi biz bilməliyik. Bu tarixi bilmədən 1980-1990-cı illərin tarixi yarımçıq qalacaq” – İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin il dönümünü qeyd etməyə hazırlaşdığımız bu günlərdə cənab Prezidentin Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında söylədiyi bu fikirləri xatırlatmaq yerinə düşərdi. Cənab Prezidentin də vurğuladığı kimi Azərbaycan həqiqətlərini dərindən öyrənmək və bu həqiqətləri dünyaya çatdırmaq istəyiriksə biz tariximizi bilməliyik, tariximizi mükəmməl öyrənməliyik. Azərbaycanın İkinci Dünya müharibəsində iştirakı da bu tarixin ən önəmli dövrlərindən biridir.
1941-ci il iyunun 22-də sovet xalqları, o cümlədən Azərbaycan da İkinci Dünya müharibəsinə qatılmış oldu. Müharibəyə qoşulan andan Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrilmişdi. Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salmışdı ki, onlardan 300 mindən çoxu müharibədə həlak olmuşdur. Müharibə illərində göstərdikləri igidliyə görə digər orden və medallarla yanaşı 42 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Milli atıcı diviziyalarımız Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, xalqımızın igid övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad döyüşlərində, Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında, o cümlədən faşizmə qarşı aparılan partizan və müqavimət hərəkatlarında qəhrəmanlıqla iştirak etmişdir. Bütün müharibə dövrü ərzində Azərbaycan xalqı həm də arxa cəbhədə fədakarlıqla mübarizə aparmış, ordunun ehtiyaclarını ödəmək üçün xalq gecə-gündüz çalışmışdır. Təkcə elə bir faktı vurğulamaq kifayətdir ki, Bakı Sovet İttifaqının ən mühüm silah istehsalı mərkəzlərindən biri idi. İkinci Dünya müharibəsində qələbənin qazanıılmasında əsas amillərdən biri olmuş Bakı neftininin əhəmiyyətini xüsusi qeyd etməliyik. 1941-1945-ci illərdə Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Faşist Almaniyası da Azərbaycanın əlverişli strateji mövqeyini və Bakı neftinin əhəmiyyətini çox yaxşı başa düşürdü. Onun Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Hitlerin Qafqazın işğalı üçün tərtib etdiyi planda Bakının işğalı mərkəzi yer tuturdu. Lakin faşist ordusu Qafqaz dağlarının ətəklərində məğlub edilərək geriyə çəkilməyə məcbur edildi və bundan qısa vaxt sonra ümumilikdə müharibə faşizm üzərində qələbə ilə başa çatdı.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Faşizm üzərində qələbinin il dönümü münasibəti ilə 1941-1945-ci illərdə həyatlarını qurban vermiş Azərbaycan vətəndaşlarının xatirəsini böyük hörmətlə yad edirik!
Təəssüflər olsun ki, Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi bu qədər qəhrəmanlıqlara baxmayaraq Azərbaycan müstəqillik ətdə etdikdən sonra 9 may Qələbə Günü kimi qeyd edilməməyə başlandı, İkinci Dünya müharibəsi veteranları dövlətin diqqət və qayğısından məhrum olmuşdu və əsassız ittihamlarla üzləşmişdi. O vaxtki rəhbərlik 9 mayın Azərbaycan xalqının bayramı olmaması ilə bağlı riyakar təbliğat aparırdı. Əlbəttə bu faşizm üzərində qələbədə həyatını, sağlamlığını qurban vermiş igid azərbaycanlılara, arxa cəbhədə gecə-gündüz çalışmış azərbaycan xalqına, Azərbaycan tarixinə qarşı edilmiş bağışlanmaz səhv idi. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın İkinci Dünya müharibəsində iştirakına lazımı qiymət verildi, veteranların hüquqları bərpa edildi, 9 may Qələbə günü kimi Azərbaycanda yenidən qeyd edilməyə başlandı. Ulu Öndər müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirərək deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər”.
Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyev də faşizm üzərində tarixi Qələbənin ildönümünün hər il Respublikamızda təntənəli şəkildə qeyd olunmasına xüsusi diqqət yetirir. Müharibə veteranları, onların ailələri, müharibədə vəfat etmiş şəxslərin ailələri, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər daim dövlətin diqqətindədir. Çünki dahi Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev Azərbaycanın əvvəlki səriştəsiz rəhbərlərindən fərqli olaraq düzgün siyasi-mənəvi qərara gəlmişdirlər ki, İkinci Dünya müharibəsində zəfərlə qalib çıxmış igid azərbaycanlılar nəslini indiki nəsillə bağlayan qırılmaz bağlar var. Həmin dövrdə qəhrəmanlıqlar göstərmiş, vətən uğrunda şəhid olmuş, sağlamlığını itirmiş şəxslərə layiq olduqları hörmət, dövlət diqqəti və qayğısı göstərilmədən yeni nəslə vətən sevgisi, vətənə sədaqət, qəhrəmanlıqla bağlı düzgün nümunə göstərmək olmaz. Bu müdrik siyasətin nəticəsidir ki, vətən sevgisi və milli ruhda yetişmiş, tarixinə, keçmişinə, mənəvi dəyərlərinə qiymət verməyi bacaran gənc azərbaycanlılar 1941-1945-ci illərdə faşizm üzərində qələbə qazanan soydaşları kimi 44 günlük Vətən Müharibəsində erməni faşizmi üzərində qələbə qazanmışdır.
İnanırıq ki, İkinci Dünya müharibəsi kimi bəşəriyyət tarixinin ən qanlı dövrünə şahidlik etmiş, sonralar isə erməni faşizminin müharibə meydanına çevirdiyi Cənubi Qafqazda Müzəffər Ali Baş Komandının rəhbərliyi ilə Vətən Müharibəsində qazanılmış qələbədən sonra artıq birdəfəlik sülh hökm sürəcək. Bu hədəf uğrunda ilk addımı da cənab Prezident özü atıb və onun təşəbbüsü ilə Azərbaycanın 5 prinsipdən ibarət təklifi Ermənistan tərəfə təqdim edilib. Məhz bu beş prinsip əsasında Ermənistanla sülh danışıqları davam etdiriləcək. Azərbaycanın İkinci Dünya müharibəsində iştirakının öyrənilməsi isə əvvəlki kimi yenə də bizim diqqət mərkəzimizdə olacaq. Çünki artıq Cənubi Qafqazın ən güclü dövləti kimi Azərbaycanın İkinci Dünya müharibəsində iştirakı müstəqil araşdırılmalı, Azərbaycan xalqının və neftinin faşizm üzərində qələbədə tarixi əhəmiyyəti bütün dünyaya çatdırılmalıdır. Ulu Öndərin dediyi kimi: “Tarix bu gün də, gələcəkdə də bilməlidir ki, İkinci Dünya müharibəsində, Böyük Vətən müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur”.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Müharibə illərində Azərbaycanın elm xadimləri də müxtəlif problemlərin uğurlu həlli yolunda səylə çalışırdılar
İkinci dünya müharibəsində faşizm üzərində Qələbədən 78 il keçir. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük rolu olub. 1941-ci ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi. Minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə yollandı.
Azərbaycan xalqının ümumilikdə 600 mindən çox oğul və qızı 1941-1945-cı illərdə İkinci Dünya müharibəsində iştirak edib.
Azərbaycanda təşkil olunmuş 416, 271, 77 və 223-cü diviziyalar şanlı döyüş yolu keçmiş, minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşmuşlar.
Qələbə Azərbaycan xalqına da asan başa gəlməyib. Müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısı döyüşlərdə həlak olub. Onlar amansız döyüş meydanlarında fədakarcasına vuruşaraq, həm də doğma Azərbaycanı faşizmdən qorudular.
Xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərmiş, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz bilmədən fədakarlıqla çalışmışdır. Böyük Qələbədə xüsusən Bakı neftinin töhfəsi əvəzsizdir. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi.
Müharibə illərində Azərbaycanın elm xadimləri də müxtəlif problemlərin uğurlu həlli yolunda səylə çalışırdılar. Akademik Y.Məmmədəliyevin qələbədə xüsusi rolu təqdirəlayiqdir. O, ən yüksək oktanlı təyyarə benzini, donmayan motor və sürtkü yağları, “Katyuşa” silahı üçün xüsusi mərmilər və başqa qiymətli komponentlər ixtira etmişdi. Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini təsəvvür etmək çox çətindir.
İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə vətənpərvərlik nümunəsi olacaqdır. Ümummilli lider Heydər Əliyev Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi münasibətilə keçirilən təntənəli mərasimdəki nitqində bu barədə demişdi: “Bu Qələbənin əldə olunmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi…”
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini
Artıq üç ildir Azərbaycan xalqı 9 May- Qələbə gününü əsl qələbə əhval-ruhiyyəsi ilə qeyd edir
Faşizm üzərində qələbə Azərbaycan xalqının fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir. 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 9 May – Qələbə Gününə və müharibə veteranlarına qarşı əvvəlki hakimiyyətin cəmiyyətdə formalaşdırmağa cəhd göstərdiyi münasibət birdəfəlik aradan qaldırıldı.
Ümummilli lider Heydər Əliyev 9 May – Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, onların həyat, qurub-yaratmaq eşqini daha da gücləndirdi. Ulu öndər hər il müharibə veteranları ilə görüşər, onların qayğıları ilə maraqlanar, problemlərinin yoluna qoyulması üçün tapşırıq və göstərişlərini verərdi. Məhz Ümummilli liderin hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişaf yoluna qədəm qoyması sayəsində müharibə veteranlarına mənzil, avtomobil verilməsi, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.
Bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə günündə görkəmli sərkərdə, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edir, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. Dövlət başçısının müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, yubiley medallarının təsis edilməsi cəmiyyətdə böyük razılıqla qarşılanır.
Artıq üç ildir Azərbaycan xalqı 9 May- Qələbə gününü əsl qələbə əhval-ruhiyyəsi ilə qeyd edir. Bu da təsadüfi deyil. Xalqımız uzun illərdir gözlədiyi arzusuna qovuşub. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu əzəli və əbədi Qarabağ torpağını mənfur düşməndən – erməni faşistlərindən azad edib. Tarixi qələbənin qazanılmasında orduda xidmət edən, eləcə də könüllü olaraq cəbhəyə yollanan Azərbaycan gəncləri böyük qəhrəmanlıqlar göstərərək, xalqımızın zəfər salnaməsinə öz adlarını yazdırıblar.
Heç təsadüfi deyildir ki, əsası ulu öndər tərəfindən qoyulan azərbaycançılıq ideologiyası Prezident İlham Əliyevin hakimiyyəti illərində daha da möhkəmləndirildi. Cənab Prezidentin də dediyi kimi son illərdə gənclərin və yeniyetmələrin vətənpərvərlik, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hər an hazır olmaq ruhunda tərbiyə edilməsi gəncləri milli maraqlar ətrafında sıx birləşdirdi.
Vətən müharibəsi ərəfəsində, hərbi əməliyyatların gedişində hər yeri bayraqlarımızla bəzəyən, gur səsi ilə cəmiyyətimizi qələbə ovqatına kökləyən, inam yaradan Azərbaycan xalqının birliyi o cümlədən, gənclərimiz idi. Prezidentin səfərbərlik çağırışına on minlərlə gənc mərdliklə cavab verdi. Hamı döyüşə getmək üçün könüllü yazılırdı.
Bu gün artıq yeni bir gələcəyin addım səsləri eşidilir. Azərbaycan gəncliyi öz missiyasını davam etdirir. Azad edilmiş torpaqlarımızı qarlı-şaxtalı səngərlərdə göz bəbəyi kimi qoruyur.
Dünya düzəni dəyişsə də, Azərbaycan xalqı keçmişini unutmur, “Vətən uğrunda” – deyib döyüşə atılan, canını fəda edən İkinci dünya müharibəsi qurbanlarının xatirəsini ehtiramla yad edir.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal
Hitler Bakını faşizm imperiyasını neftlə təmin edən hərbiləşdirilmiş mərkəzə çevirmək niyyətində idi
İkinci Dünya müharibəsi bəşəriyyətin üzləşdiyi ən dəhşətli və faciəli müharibələrdən biri olub. Azərbaycan xalqı bu dəhşətlərin içərisində istər ön, istərsə də arxa cəbhədə böyük fədakarlıq göstərib, bütün maddi və mənəvi sərvətlərini, qəhrəman oğul və qızlarını qələbə üçün səfərbər edib.
Hitler Almaniyasının işğalçılıq planında Azərbaycan, neft Bakısı xüsusi yer tuturdu. Bakı neftini ələ keçirməyi Şərqdə istilaçılıq siyasətini reallaşdırmağın mühüm amili hesab edən Almaniya hakimiyyəti sovetlər üzərində qələbə çaldıqdan sonra İran körfəzinə, Hind okeanına qədər əraziləri zəbt etmək niyyətində idi. Türk xalqları yaşayan ərazilərdə Almaniyadan asılı olan “Böyük Türküstan” dövləti yaradılması planlaşdırılırdı. Bu dövlətin ərazisinə Şimali və Cənubi Azərbaycanla yanaşı, Orta Asiya, Qazaxıstan, Başqırdıstan, Tatarıstan, Krım, Şimali Qafqaz, Qərbi Çin və Əfqanıstanın daxil olması nəzərdə tutulurdu.
Hitler Bakını faşizm imperiyasını neftlə təmin edən hərbiləşdirilmiş mərkəzə çevirmək niyyətində idi. İkinci Dünya müharibəsinin həlledici cəbhələrindən olan Şərq cəbhəsində sovet ordusu motorlarını hərəkətə gətirən Bakı nefti faşizmin bel sütununu sındıraraq bu möhtəşəm qələbənin həlledici amillərindən biri oldu.
Müharibənin başlanması ölkənin xalq təsərrüfatını ciddi imtahana çəkdi. Qısa müddətdə sənaye hərbi tələblərə uyğun yenidən qurularaq, birinci növbədə, ordunu yüksəkkeyfiyyətli yanacaqla, hərbi ləvazimatla və ərzaqla təmin etmək vəzifəsini öz üzərinə götürdü.
Cəbhəni vaxtında və yüksəkkeyfiyyətli yanacaqla təmin etmək kimi ciddi vəzifəni Azərbaycan neftçiləri böyük şərəflə yerinə yetirirdilər. SSRİ-nin qərb neft rayonları işğal olunmuşdu. Şimali Qafqaz neft rayonları isə təhlükə qarşısında idi. Bu zaman Bakı nefti sovet ordusunun ən etibarlı dayağına çevrildi. SSRİ-də hasil edilən neftin 70-75 faizini, aviasiya benzini istehsalının 85-90 faizini Bakı verirdi. Bakı hərbi dəniz qüvvələrini də yüksəkkeyfiyyətli mazutla təmin edirdi. Paytaxt Bakı əsl mənada sovet ordusunun mühüm cəbbəxanalarından birinə çevrilmişdi.
1941-1945-ci illərdə SSRİ-nin neft sənayesi 110 milyon ton neft hasil edib ki, onun 75 milyon tonu Azərbaycanın payına düşürdü.
Görkəmli dövlət xadimi Nikolay Voznesenski “Böyük Vətən müharibəsi dövründə SSRİ-nin hərbi iqtisadiyyatı” kitabında yazırdı: “Sovet Bakısı arasıkəsilmədən cəbhəni və SSRİ xalq təsərrüfatını neft məhsulları ilə təmin edirdi və yüzlərlə motoru havada və yerdə hərəkətə gətirirdi”.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
Azərbaycanın mühəndis-texniki işçilərinin və alimlərinin səyi nəticəsində Bakının neft emalı müəssisələri cəbhə üçün yüksək oktanlı benzin istehsalını uğurla həyata keçirirdilər
Müharibə illərində Bakı neftçiləri ölkənin şərqində yaradılmağa başlanan və “İkinci Bakı” adını almış neft rayonlarının inkişafına da töhfə veriblər. Dövlət Müdafiə Komitəsi Bakı neftçilərinə müraciət edərək xam neft yataqlarının işlənilməsi, neft hasilatının hər vasitə ilə sürətləndirilməsi üçün onları perspektivli neft rayonlarına köçməyə çağırdı. 1942-ci ilin iki-üç ayı ərzində Bakının doqquz qazma kontoru, neft-kəşfiyyat, neft-tikinti trestləri, boru bazaları və bəzi başqa neft müəssisələri bütün şəxsi heyəti, avadanlığı ilə şərqə köçürüldü. Bakının on mindən çox neft istehsalı komandiri, yüksəkixtisaslı mühəndis-texniki işçilər, mahir neft ustaları mütəşəkkil surətdə şərq rayonlarına göndərildi.
Azərbaycanın mühəndis-texniki işçilərinin və alimlərinin səyi nəticəsində Bakının neft emalı müəssisələri cəbhə üçün yüksək oktanlı benzin istehsalını uğurla həyata keçirirdilər.
Y.H.Məmmədəliyevin başçılığı altında bir qrup alim neft-kimya elmində böyük hadisə olan yüksək oktanlı aviasiya yanacağı əldə etdi.
Alimlərin və istehsalçıların birgə işi nəticəsində Bakıda yeni neft-kimya və kimya müəssisələri, Y.H.Məmmədəliyevin ideyası əsasında yüksək oktanlı alkilbenzol və onun tərkib hissəsini istehsal edən yeni zavod fəaliyyətə başladı.
Azərbaycan alimləri mühüm hərbi əhəmiyyəti olan xlorlu metal, azoktanlı benzindən hərbi əməliyyat üçün vacib olan toluol almaq texnologiyasını hazırladılar. Bakının elmi laboratoriyalarında tank əleyhinə şüşələrə doldurulmuş yandırıcı qarışıq və başqa partlayıcılar istehsal olunurdu.
Müharibədə ordunun döyüş texnikasının 75-80 faizi Azərbaycan neftçilərinin qəhrəman əməyi nəticəsində hərəkətə gətirildi. Bakının Böyük Vətən müharibəsində rolunu sovet ordusunun sərkərdələri – Sovet İttifaqı marşalları G.K.Jukov, R.Y.Malinovski, F.İ.Tolbuxin və başqaları dəfələrlə qeyd etmişlər. Marşal G.K.Jukov yazırdı: “Bakı neftçiləri cəbhəyə və ölkəyə vətənimizin müdafiəsi üçün, düşmən üzərində tezliklə qələbə üçün nə qədər lazım idi, o qədər də yanacaq vermişdilər”.
Beləliklə, İkinci Dünya müharibəsinin ağır yükünü, həmçinin Azərbaycan xalqı öz çiyinləri üzərində çəkərək bu qələbənin əldə olunmasında müstəsna rol oynayıb. Qələbə münasibətilə xalqımızı təbrik edirəm və güman edirəm ki, qazanılmış tarixi təcrübə işğal altında olan torpaqlarımızın azad olunmasında reallığa çevriləcək.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc
Azərbaycan xalqı faşizmə qarşı partizan və müqavimət hərəkatında igidlik nümayiş etdirib
Ötən əsrin ən böyük müharibəsi sayılan II Dünya Müharibəsi bütün xalqların, ölkələrin tarixində və yaddaşında silinməz izlər qoyub. Mayın 9-da faşizm üzərində qələbənin 77-ci ildönümüdür. II Dünya Müharibəsi Azərbaycanın sərhədlərindən uzaqda getsə də, xalqımız bütün gücü və resursu ilə bu döyüşlərin iştirakçısına çevrilib. Həmin dövrdə faşizmə qarşı mübarizədə həm yeraltı və yerüstü sərvətləri, həm də canlı qüvvəsi ilə düşmənə qarşı səfərbər olan Azərbaycan xalqı göstərdiyi rəşadət və cəsarətlə adını tarixə qızıl hərflərlə yazdı.
Azərbaycanın igid oğulları cəbhədə düşmənə qarşı layiqli mübarizə aparıb. Xalqımızın nümayəndələri istər açıq döyüş meydanında, istərsə də, partizan və müqavimət hərəkatında igidlik nümayiş etdirib, fəal iştirak ediblər. Azərbaycanlılar Krımda, Ukraynada, Belarusda, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuruşublar. İsmayıl Əliyev Smolensk vilayətində fəaliyyət göstərən partizan briqadasının qərargah rəisi, Məmməd Əliyev Krımda partizan dəstəsinin başçısı, Ələkbər Əliyev Belarusda “Dyadya Kolya” partizan birləşməsinin qərargah rəisi olmuşdu. Ukraynada 400 azərbaycanlı partizan dəstəsi təşkil etmişdilər. 1942-ci ildə Polşada faşist hərbi əsir düşərgəsində Hadi Qiyasbəyovun və Mirzəxan Məmmədovun başçılığı ilə gizli təşkilat yaranmışdı.
Azərbpaycanlılar partiyazan və müqavimət hərəkatı çərçivəsində Qərbi Avropada da böyük şöhrət qazanıblar. Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdilər. Onlardan Fransa müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adı yaddaşlarda daha çox qalmışdır. O, “Armed Mişel” (Xarqo) adı ilə müqavimət hərəkatında fəal iştirakına görə Fransanın 5 ordeni və yüksək fəxri adı — “Fransanın Milli Qəhrəmanı”, şəxsi igidliyinə görə paradda əsgərə generaldan qabaqda getmək hüququ verən hərbi medalı ilə də təltif olunmuşdu. Azərbaycanın igid oğlu Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi. O, Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat təxribatçı qrupuna rəhbərlik edərək 1000 nəfərdən çox faşist zabitini məhv etmiş, 700 nəfər hərbi əsiri azad etmişdi. Həmçinin Ukrayna, Polşa və İtaliyada hərbi əsir düşərgələrində olan sovet əsirlərinin qaçmasına köməklik etmişdir. 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə həlak olmuşdu. 1957-ci ildə ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Ulu Öndər Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik edərkən yenidən Mehdi Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsində əməli işlər görüb
Mehdi Hüseynzadəyə layiq olduğu Sovet İttifaqı Qəhrəmanı fəxri adının ölümündən 13 il sonra verilməsində, ümumiyyətlə, Mixaylonun adının əbədiləşdirilməsində, onun göstərdiyi şücaət və rəşadətin təbliğində məhz Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Dövlət Təhlükəsizliyi Xidmətinin arxiv fondlarında qorunub saxlanılan nadir sənədlərin tədqiqi göstərir ki, vaxtilə Azərbaycan SSR DTK-da yaradılmış və kapitan Heydər Əliyevin rəhbərlik etdiyi xüsusi əməliyyat-təhqiqat qrupunun böyük əziyyət və peşəkarlıqla topladığı materiallar, sorğular, rəylər və şahid ifadələri əsasında 1957-ci ilin yanvarında Mehdi Hüseynzadənin döyüş və qəhrəmanlıq fəaliyyətinə dair müfəssəl və təsirli arayış hazırlanıb. Azərbaycan SSR DTK-sı da həmin sənədi baxılması və Moskvaya təqdim olunması üçün Azərbaycan KP MK-ya göndərib.
Bundan sonra Mehdi Hüseynzadənin qəhrəmanlıq salnaməsinin ictimailəşdirilməsində əvəzsiz xidmətləri olan Heydər Əliyevin uzun illər ağır zəhməti hesabına toplanılan materiallar əsasında tanınmış yazıçılar İmran Qasımov və Həsən Seyidbəyli “Uzaq sahillərdə” povestini yazıblar. Həmin əsər əsasında bu gün də maraqla izlənilən məşhur “Uzaq sahillərdə” bədii filmi çəkilib. Nəhayət, 1957-ci ilin aprelində SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Ulu Öndər Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik edərkən yenidən Mehdi Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi istiqamətində əməli işlər görüb, onun şərəfli xidmətlərinin İttifaq miqyasında tanınmasına nail olub və Bakıda möhtəşəm abidəsinin ucaldılmasına göstəriş verib. 1973-cü il mayın 9-da – Qələbə Günündə Mehdi Hüseynzadənin abidəsinin təntənəli açılışı olub. Tədbirdə iştirak edən dahi rəhbər Heydər Əliyev qəhrəmanın partizan hərəkatındakı fəaliyyətindən, keçdiyi mübariz döyüş yolundan söz açaraq deyib: “Mehdi Hüseynzadənin adı müasirlərimizin və gələcək nəsillərin hafizəsindən heç vaxt silinməyəcək”.
Ümummilli Liderin dövlətçilik siyasətini və azərbaycançılıq irsini uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev görkəmli sərkərdələrimizin, hərb xadimlərimizin, qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsinə və yubileylərinin dövlət səviyyəsində qeyd olunmasına xüsusi diqqət yetirir. Prezident İlham Əliyevin Sloveniya Respublikasına rəsmi səfəri zamanı Novo Qoritsa şəhərində Mehdi Hüseynzadənin xatirə muzeyinin açılışında iştirakı, ictimaiyyətlə görüşdə geniş nitq söyləməsi ölkələrimiz arasında əlaqələrin genişlənməsinin, dostluq və qardaşlıq münasibətlərinin inkişafının təsdiqidir. Məhz bu dostluğun təməlində Mehdi Hüseynzadə kimi igid həmvətənimizin qəhrəmanlıqları dayanır. Sloveniyalılar da Azərbaycanın igid oğluna vəfa borcu olaraq Moribor şəhərində müharibə qurbanlarının xatirəsinə həsr edilən Dobrava memarlıq park kompleksinin ərazisində Xocalı soyqırımı qurbanlarına xatirə lövhəsi ucaldıblar.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc
Prezident İlham Əliyev İkinci Dünya Müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır
1941-1945-ci illər İkinci Dünya Müharibəsində qələbənin əldə olunmasında Azərbaycan övladlarının böyük töhfəsi olmuşdur. Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını göndərmişdi. Müharibə illərində göstərdikləri igidliyə görə 42 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüş, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilmişdi. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Bundan əlavə, İkinci Dünya Müharibəsində qələbənin əldə olunmasında Bakının neft amili mühüm rol oynamışdır. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Müharibə illərində Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın Qələbəyə verdiyi əvəzsiz töhfələrindən biridir. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu. Azərbaycan neftçilərinin əməyi dövrün tanınmış siyasətçiləri, hərbçiləri tərəfindən də yüksək qiymətləndirilirdi. Odur ki, Alman komandanlığı da Bakı neftinə xüsusi önəm verirdi. Məhz Qafqaz uğrunda döyüşlərin əsas məqsədi Bakı üzərində nəzarəti ələ keçirmək idi. Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu.
Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişdilər. Azərbaycanlılar Krımda, Ukraynada, Belarusda, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuruşmuşdular. Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdilər.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
Ölkə başçısı İkinci Dünya Müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilmiş, İkinci Dünya Müharibəsində əldə olunan qələbə dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunmuşdur. Ulu Öndər Heydər Əliyev müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirərək deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin, İkinci Dünya Müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur.”
Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda yüksək səviyyədə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə Günündə İkinci Dünya Müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla anır, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halını alıb.
Ölkə başçısı İkinci Dünya Müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Azərbaycan Prezidentinin 2023-cü il 26 aprel tarixli Sərəncamı ilə 1941–1945-ci illər müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya Müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya Müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya Müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqradın mühasirədə olduğu vaxt şəhərin müdafiəsində iştirak edənlərə 750 manat məbləğində birdəfəlik maddi yardım verilib.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc