Biz öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq
Biz öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış oldu, hərbi hissəyə Döyüş bayrağını təqdim etdi. Müzəffər Ali Baş Komandan çıxışı zamanı çox mühüm məqamlara toxundu, istər ordu quruculuğu sahəsində görülən işlər və qarşıda duran vəzifələrdən, istərsə də postmüharibə dövründə strateji prioritetlərdən geniş bəhs edərək önəmli mesajlar verdi:
Cənab Prezident qeyd etdi ki, “Biz öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq”. Bəli, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədən sonra ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoyub. Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi, Komando Qüvvələrinin yaradılması, digər xüsusi təyinatlı qüvvələrdə şəxsi heyətin say tərkibinin genişləndirilməsi, yeni silahların alınması və bu istiqamətdə bir çox kontraktların imzalanması Azərbaycan Ordusunun peşəkarlığının və qüdrətinin artmasını şərtləndirir. Dövlət başçısının vurğuladığı kimi, “bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür”. Güclü ordu isə təhlükəsizliyin təmin olunması, ərazi bütövlüyünün qorunması və beynəlxalq münasibətlərdə ölkənin mövqeyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir;
Prezident İlham Əliyev ordu quruculuğu ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsinin prioritet olduğunu diqqətə çatdırdı. Əlbəttə, bu gün işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması, yeni infrastrukturun yaradılması həm tarixi Qələbəmizin möhkəmləndirilməsi, həm də ölkəmizin sosial-iqtisadi inkişafı baxımından böyük önəm daşıyır. Bu, sosial, iqtisadi, siyasi və strateji əhəmiyyətə malik olmaqla yanaşı, Böyük Qayıdışın ən yüksək səviyyədə təmin olunmasına vacib töhfədir;
Dövlət başçısının diqqət yetirdiyi digər mühüm məsələ Azərbaycanın bütün təxribatların qarşısını almaq əzmində və iqtidarında olmasıdır. Müzəffər Ali Baş Komandan qeyd etdi ki, “bizə qarşı edilən istənilən təxribat cavabsız qalmır, hər bir təxribata layiqli cavab verilir, istər hərbi cavab, istər siyasi cavab”. Bəli, Azərbaycan həm təxribatların qarşısını almaqla, həm də qətiyyətli mövqe sərgiləməklə bəyan edir ki, üçtərəfli Bəyanatın bütün tələbləri zamanında, tam və qeyd-şərtsiz yerinə yetirilməlidir. Bir daha sübuta yetirilir ki, Vətən müharibəsində şanlı Qələbə qazanmış Azərbaycan yeni reallıqlar yaradıb və istər məğlub Ermənistan, istərsə də onun havadarları bu reallıqları dəyişmək iqtidarında deyil;
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır
Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbçilərlə mütəmadi görüşlərində daim bildirirdi ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Belə də oldu. Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti döyüş meydanında təmin etdi. İkinci Qarabağ müharibəsi İlham Əliyevin böyük sərkərdəliyi ilə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Dövlət başçısı 2021-ci il iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bildirmişdi “Hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər Ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.”
Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, silah-sursat təchizatı, komando bölmələri yaradılır. Dövlət başçısı İlham Əliyev iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağının təqdim olunması mərasimində bildirdi ki, Vətən müharibəsindən sonra göstərişimlə Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Beləliklə, öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq. Dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür: “Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır – həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir.”
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev keçilən yolun təhlili fonunda bir daha belə bir əminliyi ifadə etdi ki, İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də biz olduq. Bu gün regionda proseslər yenə də bizim təkliflərimiz əsasında cərəyan edir. Şanlı Zəfərimizi siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirdik.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal
Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu
Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk 50 ordu sırasında yer aldı.
44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atdı. Bu şanlı Qələbə ölkəmizin malik olduğu imkanların dünyaya təqdimatı oldu. Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Məhz bu zərurət Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılmasını aktuallaşdırdı. Buna görə də ölkə Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. 2021-ci il 24 dekabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə hərbi hissənin açılışında demişdir: “Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.”
İyunun 23-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim etməsi bu istiqamətdə atılan addımların davamlılığından xəbər verir. Həmin mərasimdəki çıxışında Silahlı Qüvvələr Günü ərəfəsində ölkəmizdə növbəti komando hərbi hissəsinin açıldığını önə çəkən cənab İlham Əliyev bildirdi ki, bu, çox əlamətdar hadisədir. Vətən müharibəsindən sonra göstərişimlə Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Beləliklə, öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini
Ədalətin və milli iradənin təntənəsi
İyunun 23-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdimetmə mərasimində Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan geniş bəhs edərək yeni döyüş birləşmələrinin, ilk növbədə, Komando Qüvvələrinin yaradılmasını döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biri kimi qeyd edib. Müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır. Dövlətimizin başçısı buna böyük ehtiyacın olduğunu bildirib. Çünki dünyada geosiyasi vəziyyət gərginləşir. Bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunlar Ordumuzun daha da gücləndirilməsi vəzifəsini şərtləndirir. Belə ki, buna nail olmaq üçün kompleks tədbirlər görülür. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanıb.
Hər bir bayram tədbiri hesabat xarakteri daşımaqla yanaşı, perspektivlərin açıqlanmasında əhəmiyyətli rola malikdir. Hazırkı dövrün əsas çağırışı bölgədə davamlı sülhə və təhlükəsizliyə nail olmaqdır. İki ildən artıqdır ki, Azərbaycan bu məqsədə nail olmaq üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanması təklifini edib. Ermənistan bunun üçün müxtəlif formatlarda, məkanlarda keçirilən görüşlərdə Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifini dəstəkləsə də konkret addım atmaq zamanı yetişəndə cəbhə bölgələrində törətdiyi təxribatlarla diqqətdə olur. Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi: “Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır. Bu, təbiidir. Biz qalib gəlmişik, biz qan tökmüşük, şəhidlər vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz öz torpağımızda müharibə aparmışıq və bu gün öz torpağımızda yaşayırıq və yaşayacağıq”.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Azərbaycan müstəqillik dönəmində ordu quruculuğuna hər zaman ciddi önəm verib
Bugünkü qalib Azərbaycan Ordusu uzun illərin hərbi, siyasi, iqtisadi uğurlarının məntiqi nəticəsidir.
İllər ərzində müasir hərbi texniklar, güclü silahlanma, eyni zamanda müdafiə sənayesinin sürətli inkişafı yekunda ciddi nəticələrə gətirib çıxardı, o cümlədən də 30 ilə yaxın davam edən Ermənistan işğalına son qoydu. Bu gün ordunun gücləndirilməsi istiqamətində ciddi iş aparılır.
Prezident İlham Əliyevin cari ilin 23 iyun tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağının təqdim etmə mərasimində çıxış edərkən bu məqama toxunub.
“Dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün kompleks tədbirlər görülür”, -deyə Prezident İlham Əliyev vurğulayıb.
Göründüyü kimi, Azərbaycan Ordusunu gücləndirməyə davam edir. Bu gün də hərbi baxımdan regionun ən güclü dövləti olan Azərbaycan üçün ordu yenə də əsas prioritetdir.
Dünyada artıq xarici siyasətdə hüquq və diplomatiyanın həlledici olmadığını görürük. Azərbaycan da 30 ilə yaxın müddətdə beynəlxalq hüquqdan yararlanıb torpaqlarını işğaldan azad edə bilmədi, buna öz ordusu hesabına nail oldu.
Prezident indiki məqamda, sülh danışıqlarının dalana dirəndiyi, Ermənistanın revanşist əhval-ruhiyəyə qapıldığı, Azərbaycan ətrafında Fransa, Hindistan, İran və Ermənistan birliyinin yeni “nağıllar” danışması, ABŞ-ın bölgəyə gəlməsi imkan verir ki, Azərbaycan yanaşmasını hərbi fona əlavə etsin.
Prezident ona görə qeyd etdi ki, uzunmənzilli raketlər, yeni nəsil PUA-lar alınacaq. Digər tərəfdən də hadisələrə komando hərbi hissənin açılması üzərindən baxanda görürük ki, bölgədə kifayət qədər ciddi proseslər gözlənilir. Bu gün Rusiyada baş verənlərə də nəzər salsaq, görürük ki, orduna gücləndirmədən bu coğrafiyada qalmaq mümkün deyil”.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc
Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi hərbi potensialımızın gücləndirilməsinə xidmət edir
İyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Həmin tədbirdə dövlətimizin başçısının çıxışında Azərbaycan Respublikasının gələcəkdə qarşıda duran prioritet məsələlərə xüsusi yer verilib. Deyilən fikirlər, eyni zamanda, beynəlxalq səviyyədə göndərilən əhəmiyyətli bir mesajdır. Çıxışda əsas diqqəti çəkən məqam yaxın dövr ərzində dövlətimizin qarşısında duran prioritet məsələlərin iki əsas istiqaməti müəyyən edilib – bizim üçün bu gün prioritet məsələlərdən biri ordu quruculuğu, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa olunmasıdır.
Azərbaycan Respublikası yerləşdiyi coğrafi məkanı, geosiyasi vəziyyəti, bəzi ipə-sapa yatmayan qonşuların cığallığını, xəbis və mənfur niyyətlərini, bölgəmizdə yeni təhdidlərin mövcudluğunu, həmçinin Ermənistanda revanşist qüvvələrin baş qaldırmasını nəzərə alaraq daha da ayıq-sayıq olmalıdır. Bu məqsədlə ordu quruculuğu, hərbi hissələrin döyüş qabiliyyətinin artırılması, yeni müasir hərbi texnologiyaların əldə edilməsi, yeni silahların alınması prosesi, eyni zamanda, ölkədə hərbi-sənaye sahəsinin təkmilləşdirilməsi zəruridir.
İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərməsi, həmçinin müasir döyüş əməliyyatlarının tələblərini nəzərə alaraq Vətən müharibəsindən sonra Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Müdafiə Nazirliyində Komando Qüvvələrinin yaradılması, onların sayının gündən-günə artması, Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi və həyata keçirilən digər kompleks tədbirlər hərbi potensialımızın gücləndirilməsinə xidmət edir. Ali Baş Komandanın “bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür” cümləsi ən möhtəşəm aforizmlərdən biri kimi tarixə həkk olunacaq. Bu gün isə Prezidentin sözləri, xüsusilə Ermənistanın revanşist qüvvələrinə, onların havadarlarına xitabən deyilmiş “Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz”, “onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq”, “biz tələb edirik ki, haqq-ədalət qorunsun. Biz tələb edirik ki, bizim daxili işlərimizə heç kim müdaxilə etməsin” və sair bu kimi fikirləri dostlarımızı sevindirəcək, qürur verəcək, bədxah düşmənlərimizin isə içinə vəlvələ salacaq, yuxusuna haram qatacaqdır.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri