21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Füzulinin yeni siması göz oxşayır

Füzulinin yeni siması göz oxşayır

Füzulinin yeni siması göz oxşayır

Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlığının təmin olunmasında ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi və bu siyasətin prioritet istiqamətlərindən olan regionların sosial-iqtisadi inkişafı proqramları əhəmiyyətlidir. İqtisadi inkişafın əsas hədəfi, rəqabət qabiliyyətliyin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiya yolu ilə uzunmüddətli perspektivdə ölkədə sosial-iqtisadi inkişafın davamlığını təmin etməkdir.

Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Bu gün işğaldan azad olunan ərazilərimizdə, eləcə də Füzulidə abadlıq-quruculuq işləri böyük vüsət alıb. Füzuli qaynar dövrünü yaşayır. Böyük Qayıdış çərçivəsində əzəli sakinlər doğma yurduna qayıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü olaraq, təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Abadlaşan və daha da gözəlləşən Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşırlar. Füzuli abadlaşır və yenidən qurulur. Füzuli Beynəlxalq Hava Limanının 2021-ci il yanvarın 14-də təməlinin qoyulması və 2021-ci il oktyabrın 26-da açılışı buradakı görülən işlərin əyani təzahürüdür. Cəmi 9 ay ərzində müasir standartlara cavab verən beynəlxalq hava limanının inşa edilib istifadəyə verilməsi və bu layihənin tam dağıdılmış, heç bir adi infrastrukturu belə olmayan bir ərazidə həyata keçirilməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətinini göstəricisidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti, siyasi iradəsi ilə Füzuli-Şuşa yolunun təməlinin qoyulması və qısa müddətdə müasir tələblər əsasında və keyfiyyətli surətdə istifadəyə verilməsi, o cümlədən Füzuli-Ağdam, Füzuli-Hadrut və digər avtomobil yollarının inşası xüsusi ilə qeyd olunmalıdır.

Bir sözlə, illərlə əsl sahibinə həsrət qalan torpaqlarımızda infrastruktur yenilənir, dədə-baba yurdlarına qayıdacaq soydaşlarımız üçün dünyanın ən müasir imkanlarını yaradır, onların rahat yaşaması, işlə təmin olunması, təhlükəsizliyi, istirahəti üçün hər cür şərait qurulur. İşğaldan azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işləri bütün dünyaya nümunə olan Qalib Azərbaycan güclü siyasi iradə nümayiş etdirir.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq

Tarixi mənbələr sübut edir ki, erməni millətçilərinin türk xalqlarına qarşı törətdiyi düşmənçilik siyasətinin 200 ildən artıq yaşı vardır. Əsrlər, illər keçməsinə baxmayaraq xalqımız o ağır işgəncələri unutmur, soyqırımlarının qurbanları olmuş günahsız insanların xatirəsini dərin ehtiramla yad edir. Əslində, keçmişini unudan tarixini yaşatmayan bir xalqın gələcəyi yoxdur. Bütün hadisələr hər bir millətin qan yaddaşında əbədi yer tutmalı və gələcək nəsillərə təbliğ edilməlidir.Hələ 1905-1906-cı illərdə, habelə 1918-1920-ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və s. tarixi torpaqlarımızda dinc əhalimiz soyqırıma məruz qalıb. Yüz minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib, olmazın işgəncələrin qurbanı olub. Ermənilərin qaniçən əməlləri məhz faşizmə xas olan terrorçuluq siyasətidir.

Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi  etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişdir.

Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axısxa türkü də Azərbaycanda sığınacaq tapmışdır. Ermənistan silahlı qüvvələri tərəfindən 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılar  yaşayan 126 yaşayış məntəqəsindən onların zorla çıxarılması planı həyata keçirildi. Şuşa rayonu 1992-ci il mayın 8-də, Xocavənd rayonu isə 1992-ci il oktyabrın 2-də erməni silahlı qüvvələri tərəfindən işğal edildi.

Məhz bu dövrdə -1992-ci il fevralın 26-da XX əsrin ən faciəli hadisələrindən biri törədildi – Dağlıq Qarabağda 6000 nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri keçmiş Sovet ordusunun 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə darmadağın edildi, 613 nəfər dinc sakin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 1000 nəfərdən artıq adam şikəst oldu, 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edildi, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, başları kəsildi, gözləri çıxarıldı.

Yeri gəlmişkən bir faktı qeyd etməyə dəyər ki, Ermənistan dövlətinin tarixi ərazilərimizdə həyata keçirdiyi məqsədyönlü soyqırımı siyasətinə ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu Öndərimiz Azərbaycan tarixinin araşdırılması və tarixi faktlara düzgün qiymət verilməsi üçün çoxsaylı fərman və sərəncamlar imzalayıb. İlk dəfə olaraq 1998-ci ildə dahi rəhbərin imzaladığı fərmana əsasən, 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Elə həmin vaxtdan da bu gün dövlət səviyyəsində qeyd olunur, bütün kollektivlərdə, idarə və təşkilatlarda, təhsil müəssisələrində, həmçinin ölkəmizin xarici dövlətlərdə akkreditə olunmuş səfirliklərində və diaspor qurumlarında anım mərasimləri keçirilir.
Bu siyasi kurs hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu məqsədlə çoxsaylı elmi konfranslar, tarixi mövzuda tədbirlər keçirildi. 28 yanvar 2018-ci ildə dövlət başçısı tərəfindən “Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” tarixi bir sərəncam imzalandıqdan sonra nəinki ölkəmizdə, habelə dünyanın bir sıra dövlətlərində soyqırımı həqiqətlərinin təbliği baxımından mühüm işlər görüldü.

Azərbaycan xalqı heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıdır. Gənc nəsil də bunu bilməlidir. Bu gün bu məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb.

Bu inamın nəticəsində Azərbaycan 30 il davam edən tarixi ədalətsizliyə 2020-ci ildə son qoydu. Həmin tarixdə Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində şərəflə apardığı Vətən müharibəsini tarixi Qələbə ilə başa çatdırdı. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyuldu.

Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, dövlətimizin başçısı, Ali Baş Komandan  cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarix yazaraq, onun səhifələrini qələbələrlə, ədalətin bərpa edilməsi ilə zənginləşdirdi. Azərbaycan yazdığı dastan ilə sadəcə öz tarixinə yox, həm də dünya hərb tarixinə qızıl hərflərlə həkk olundu.Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.  Artıq Azərbaycan xalqı tam əminliklə deyə bilər ki, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Aytac Həşimzadə- Zərdab rayon İsaqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Böyük Qayıdış Proqramı qəbul olunub və uğurla icra edilir

2020-ci ilin 27 sentyabrından 9 noyabr tarixinə qədər davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, ölkənin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı. İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi.

Bu gün Azərbaycan dövlətinin gündəliyində dayanan əsas məsələlərdən biri, daha dəqiq ifadə etsək, 5 milli prioritetdən biri  44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərə “Böyük Qayıdış”ın təmin olunmasıdır. Güclü Azərbaycan dövləti qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış”ını layiqli şəkildə təmin etmək əzmi nümayiş etdirir. Cənab Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən  “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Böyük Qayıdış üzrə strateji çərçivə müəyyənləşdirilib. Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçiriləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz  və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.

Qeyd edək ki, Böyük Qayıdış Proqramı çərçivəsində Füzulidə istifadəyə verilən ən böyük infrastruktur obyektlərindən biri də beynəlxalq hava limanıdır. Hava limanı 2021-ci il 26 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilib. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini və niyyətini əks etdirir.

Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdilər

Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə və başqa ölkələrdə özlərini tam sübut edirlər, doğruldurlar.

Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Cənab Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir

Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır.

Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Cənab Prezident İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir.

Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan Azərbaycan Ordusu sıralarında Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətin böyük əksəriyyətini gənclər təşkil edir. Azərbaycan gənclərinə günü-gündən artan dövlət qayğısı nəticəsində bu gün orduda vətənpərvər, mənəviyyatca saf, fiziki cəhətdən sağlam gənclər xidmət edirlər. Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda, onda dərin vətənpərvərlik ruhu formalaşdırmışdır. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır.

Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaq.

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Erməni vandalizmi

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad edilib.Döyüşlər başlayandan oktyabrın 17-dək Füzuli rayonunun bir neçə kəndi uğurlu əməliyyatlarla işğaldan azad olunub. Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də xalqa müraciətində çatdırıb.

Prezident müraciətində həmin gün Füzuli şəhəri ilə yanaşı, Füzuli rayonunun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndlərinin də işğalından azad olunduğunu elan edib.

İşğaldan azad edilmiş ərazilərə, o cümlədən də Füzuliyə baxış keçirilərkən müəyyən olunmuşdur ki,  erməni işğalçıları Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən olan bir dənə də olsun salamat bina qoymayıblar. 1993-ci il işğal gününə qədər təkcə şəhərdə 20 minə yaxın əhali yaşayıb. Şəhərdə 5-7 mərtəbəli çoxmənzilli binalar və fərdi yaşayış evləri olub. Həmçinin şəhər mərkəzində redaksiya, teatr binası yerləşib ki, bütün sadalanan tikililər yerlə-yeksan edilib.

Erməni vandalizmi rayondakı tarixi, mədəniyyət və memarlıq nümunələrindən, mağara və kurqanlardan, türbələrdən və qəbirüstü abidələrdən də yan keçməyib. Bütün bu abidələr yerlə-yeksan olunub.

1993-cü ildə Füzuli rayonunun işğalı zamanı erməni vandalları tərəfindən məscid tamamilə dağıdılıb. Göründüyü kimi, ermənilər təkcə Azərbaycan xalqına deyil, onun maddi-mədəni irsinə qarşı da vandallıq hərəkətləri həyata keçiriblər. Məscidin işğaldan əvvəl iki minarəsi olub. Məscidin yalnız bir minarəsinin qalıqları qalıb, digəri tamamilə dağıdılıb. Hacı Ələkbər məscidi respublika əhəmiyyətli tarixi abidədir. Ermənilər Füzuli rayonunda olan bütün məscidlərə qarşı bu cür vandallıq ediblər. Məscidlərdə heyvan saxlayıb, tövlə kimi istifadə ediblər.

Diqqətə çatdırılıb ki, Qarabağda erməni vandalizminə məruz qalan yaşayış məntəqələrindən biri də Füzuli rayonunun Merdinli kəndidir. Köndələnçayın sahilində, düzənlikdə yerləşən bu kənddə işğala qədər heyvandarlıq, taxılçılıq və üzümçülük inkişaf etmişdi. 1993-cü ildə ermənilər tərəfindən işğal edilərək dağıdılan kənd Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları zamanı 2020-ci il noyabrın 9-da azad olunub.

Erməni vandalları uzun illər ərzində kəndi talayıb, onu demək olar yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Kənd qəbiristanlığı da erməni vandalizminə məruz qalıb – məzarlar dağıdılıb, məzar daşları uçurulub, cəsədlər qazılaraq çıxarılıb.

Bu gün isə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan quruculuq işləri sayəsində Füzuli yenidən bərpa olur, abadlaşır.

Gülər Ağayeva- Zərdab rayon Alıcanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın