Azərbaycan iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür
Azərbaycan iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür.
“Ölkəmiz mötəbər beynəlxalq tədbirlərə ev sahibliyini davam etdirir. Oktyabrın 2-də Bakı şəhərində 74-cü Beynəlxalq Astronavtika Konqresi öz işinə başlayıb.
Oktyabrın 6-dək davam edəcək bu tədbirə dünyanın 100-dən çox ölkəsindən təxminən 5 min təmsilçi qatılıb. Konqresin ölkəmizdə keçirilməsi barədə qərar 2019-cu ilin oktyabrında ABŞ-ın paytaxtı Vaşinqtonda qəbul edilib. Belə mötəbər tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsi beynəlxalq səviyyədə ölkəmizə artan inamın ifadəsidir”.
Azərbaycan müstəqil dövlət olaraq mühüm nailiyyətlərə imza atıb və bu proses davam edir. Ölkəmiz özünün yeni inkişaf paradiqmalarını müəyyənləşdirib ki, kosmik sahə də bu sırada yer alır. Prezident İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında respublikamızın kosmik sahənin inkişafı ilə bağlı hədəflərini bir daha diqqətə çatdıraraq vurğulayıb: “Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq biz Azərbaycanda kosmik sənayenin inkişafını davam etdiririk. Onu da bildirim ki, bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər. Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcəkdir. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir”.
Ötən illər ərzində Azərbaycan inkişaf edərək beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutub, Cənubi Qafqazın lider dövlətinə çevrilib. Dövlətimizin xarici siyasəti bütün ölkələrlə normal, bərabərhüquqlu əsaslanan münasibətlər qurmaqdan ibarət olub. Eləcə də, ölkəmiz beynəlxaqlq təşkilatlarla fəal əməkdaşlıq edir, dünyada etibarlı tərəfdaş kimi tanınır. Hazırda Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Ölkəmiz dördüncü ildir ki, biz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir və belə bir təşkilata sədrlik etmək şərəfinə biz 120 dövlətin yekdil qərarı ilə layiq görülmüşük. Bu, həqiqətən də Azərbaycanın geniş beynəlxalq dəstəyə malik olmasının göstəricisidir. Eyni zamanda, Azərbaycanın Avropa institutları ilə də əməkdaşlığı uğurla inkişaf edir. Ölkəmiz Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, bizim xarici siyasət gündəliyimizi nümayiş etdirir. Bu, tam açıq gündəlikdir və artıq qeyd etdiyim kimi, əməkdaşlığa və daha geniş regional iştirak və inklüzivliyə yönəlib. Dövlət başçısının dediyi kimi, Azərbaycan iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Biz eyni vaxtda hər iki təşkilata üzv olan azsaylı ölkələrdənik. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi və iki qitəni birləşdirən, təbii olaraq mədəni, nəqliyyat və hazırda iqtisadi körpü rolunu oynaması bizə regionumuzda geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı verir.
Beynəlxalq tədbirdə Ermənistanın 30 il ərzində ölkəmizə qarşı işğalçı siyasəti, onun nəticələri və Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etməsi barədə məlumat verilib: “Əlbəttə, belə bir möhtəşəm beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Bakıda davam edən 74-cü Beynəlxalq Astronavtika Konqresi ölkəmiz üçün çox önəmli beynəlxalq platformadır”.
Südabə Vəliyeva
Saatlı Dövlət Rəsm Qalereyasının direktoru